Ermənistanın hərbi-siyasi hakimiyyəti törətdiyi hərbi cinayətlər üçün məsuliyyət daşıyır

“Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməyə davam etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb oldu”.

Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, hazırki şəraitdə Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyətinin və üsullarının nələrdən ibarət olduğunun müəyyən edilməsi, bu əməllərin hansı hüquq normalarının pozuntusu hesab olunduğu və hansı hüquqi məsuliyyətə yol açdığının təhlil edilməsi vacib bir məsələyə çevrilmişdir: “Ən qısa zamanda cinayətkarların mühakimə olunaraq cəzalandırılması ancaq müəyyən hüquqi prosedurların ardıcıl həyata keçirilməsi ilə mümkün olacaqdır. Beynəlxalq hüquq normalarının, xüsusilə də 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur və bu koteqoriyalı cinayətkarlar cinayətin törədildiyi vaxtdan asılı olmayaraq mühakimə oluna bilərlər”.

Deputat qeyd edib ki, cinayət məsuliyyətinə cəlb edilmə müddətinin tətbiq olunmaması müharibə cinayətlərini digər cinayətlərdən fərqləndirən əlamətlərdən biri kimi çıxış edir: “Bu isə bizə Birinci Qarabağ Müharibəsi zamanı, eyni zamanda atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətini mühakimə etməyə imkan verir. 44 gün davam İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında böyük itkilər verən təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn demək olar ki, bütün norma və prinsiplərini pozmuş və çoxsaylı müharibə cinayətləri törətdi. Bu cinayət əməllərinin bir qismi itki balansının tarazlaşdırılması məqsədilə mülki əhaliyə və mülki obyektlərə yönəlmişdi. Ermənistanın müharibə cinayətləri artıq beynəlxalq qurumlar tərəfindən də təsdiq olunmağa başlanıb. Təkcə “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatı artıq Ermənistanın müharibə cinayəti törətməsi ilə bağlı 11 fakta sahib olduğunu bildirilib və bu faktların həqiqiliyinin kosmik videogörüntülər vasitəsilə təsdiqləndiyini qeyd edilib. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu törədilmiş bütün cinayətlərlə bağlı araşdırmalar aparıldığını və zəruri sənədlərin hazrılanaraq müvafiq orqanlara göndəriləcəyini və bu cinayətkarların öz layiqli cəzalarını alması üçün bütün addımların atılacağını bildirib. Ümumilikdə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin tərəflərindən biri olan Ermənistan müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq çoxsaylı müharibə cinayətləri törətmişdi və bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərmiş olur”.

Əminə Ağazadə onu da bildirib ki, bu cinayətlərin təşkilinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və onların məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması təmin edilməlidir: “Beynəlxalq ictimaiyyət bu hüquqazidd əməllərin cəzasız qalmasına imkan verməməli və sadalanan bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir”.