Ermənistanın mülki şəhərləri bombalamaq kimi terror taktikası məruzəyə salınmalıdır

Cənab Qavan, sizi bir vaxtlar insanların sıx məskunlaşdığı, sonra erməni işğalçıları tərəfindən talan edilmiş Ağdam şəhərində müşayiət etmək imkanım oldu. Orada hərbi istehkamlar və yaşayış binalarının yerlə-yeksan edildiyinin şahidi oldunuz. Ağdam bu gün Qafqazın Xirosiması adlanır. Orada gördükləriniz təkcə dağıdılmış şəhər, xəstəxanalar, məktəblər, yollar, məscidlər, bütün infrastruktur deyil. Bu, həmçinin dağıdılmış həyatlar, ümidlər və gələcəkdir. Otuzillik işğal bütöv bir nəsil deməkdir. Həyatının yarısını qaçqınlıqda keçirmiş nəsil deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai tərəfindən “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı məruzə ilə bağlı çap olunaraq avropalı parlamentarilərə paylanmış çıxışında yer alıb.

Azərbaycanlı deputat məruzə ilə bağlı fikirlərini səsləndirərək, sənəddə münaqişənin ən qanlı səhifəsi olan Xocalı soyqırımı haqqında məlumatın olmamasından təəssüfləndiyini bildirib. Qeyd edib ki, etnik təmizləməyə məruz qalmış Xocalıda bir gecədə 613 mülki şəxs öldürülüb, çox sayda azərbaycanlı itkin düşüb.

Bildirib ki, Ermənistandakı azərbaycanlıların mədəni irsinin tamamilə məhv edilməsi və ya mənimsənilməsi, ən böyük etnik qrup olmuş azərbaycanlıların bütün izlərinin silinməsi, eləcə də Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Azərbaycan şəhərlərini ballistik raketlərlə bombalaması kimi məsələlər də məruzədə əksini tapmalı idi. Vurğulayıb ki, cəbhə xəttindən uzaqda olan şəhərləri bombalamaqda Ermənistan mülki əhalini hədəfə alırdı, bu, onun daha çox mülki əhali arasında itki yaratmaq niyyətini əks etdirir və terror taktikasını göstərir.

Deputat vurğulayıb ki, artıq Cənubi Qafqaz bölgəsində davamlı sülhü bərqərar etmək haqqında düşünmək lazımdır. Bu istiqamətdə bütün səyləri göstərmək zəruridir. Qafqaz regionunda sülh bölgə, eləcə də Avropa üçün vacibdir.