Əsaslı irəliləyişlər əldə olunub

Oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüş və görüşdən sonra qəbul edilən Bəyanat göstərir ki, Ermənistanla sülh müqaviləsi bağlanması istiqamətində ciddi irəliləyişlər var. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təşkil edilmiş, Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak etdiyi görüş sübut edir ki, ümumilikdə sülh prosesi ilə bağlı son vaxtlar daha nikbin ab-hava mövcuddur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri diqqətə çatdırıb ki, dördtərəfli görüşün sonunda qəbul edilən Bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı bildirilir. Beləliklə, Ermənistan Avropa İttifaqı Şurasının Prezidentinin və ən yaxın havadarı Fransa da daxil olmaqla, Avropanın siyasi rəhbərlərinin iştirak etdiyi belə bir mötəbər tədbir səviyyəsində Azərbaycanın ərazi bölüvlüyünü tanımış oldu. Bu, həm siyasi, həm hüquqi, həm də tarixi baxımdan olduqca mühüm hadisədir.

“Qarşılıqlı olaraq iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması üçün qəbul olunan hər iki sənəd də bizim mövqeyimiz baxımından çox əlverişlidir. İlk növbədə, BMT-nin Nizamnaməsinə nəzər salaq. Nizamnamənin Məqsəd və Prinsiplər adlanan birinci fəslinin 2.4-cü maddəsində deyilir: “Bütün üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Hər nə qədər kağız üzərində qalmasına baxmayaraq BMT Təhlükəsizlik Şurasının erməni silahlı dəstələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 822, 853, 874, 884 saylı qətnamlərinin qəbulu bir daha təsdiq etmişdir ki, BMT SSRİ-nin dağılmasından sonra təsdiq edilmiş sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü və dövlət müstəqilliyini tanıyır. Ona görə də bu gün bizim ərazi bütövlüyümüzü qəbul edən Təşkilatın Nizamnaməsinin əsas sənəd kimi götürülməsi bizim üçün ancaq müsbət nəticələr gətirə bilər.

Digər sənədə gəldikdə isə, bu 1991-ci ilin dekabr ayında Müstəqil Dövlətlər Birliyi (MDB) təsis edilərkən qəbul edilmiş Alma-Ata Bəyannaməsidir. Azərbaycan və Ermənistanın da daxil olduğu 11 sabiq SSRİ respublikasının MDB-nin təsis edilməsi zamanı imzaladıqları Alma-Ata Bəyannaməsində dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Burada bir önəmli fakta nəzər salaq ki, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunmuşdur. Yəni, 1991-ci ilin dekabr ayında Alma-Ata Bəyannaməsi imzalanarkən və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edərkən Ermənistanın nəinki Azərbaycana qarşı heç bir ərazi iddiası olmamış, hətta Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunduğunu bilmiş və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etmişdir. Odur ki, bu gün iki dövlət arasında sülh prosesinin təməlində Alma-Ata Bəyannaməsinə sadiqliyin təsdiq edilməsi bizim üçün böyük uğurdur”, - deyə Z.Əsgərov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Praqa görüşündən əldə olunan digər mühüm nəticə odur ki, nə Ermənistan, nə də dördtərəfli görüşün digər iştirakçıları sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipinə qarşı heç bir etiraz irəli sürmədiyini təsdiq etmiş oldu. Yəni, dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılmasını da əhatə edən 5 baza prinsipi sülh prosesinin əsası kimi artıq qəbul olunmuşdur. Əslində bu, çox təbiidir və belə də olmalıdır. Çünki bu 5 prinsip elə Ermənistanın yuxarıda şərh etdiyimiz beynəlxalq sənədlərə imza atarkən öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi deməkdir.

Sülh prosesində müəyyən çətinliklər yaradan məqamların da olduğunu diqqətə çatdıran Z.Əsgərov deyib: “Prezident Praqada olarkən özü də qeyd etdi ki, bu günə qədər erməni silahlı birləşmələrinin bizim torpaqlarımızdan tam çıxarılmaması və hələ də ermənilər tərəfindən təxribata əl atılması, xüsusilə də mina basdırılmasının davam etməsi sülh prosesinə ciddi zərər vurur. Müharibə başa çatdıqdan sonra 250-dən çox azərbaycanlı ermənilərin basdırdığı minalar nəticəsində ya həlak olub, ya da ki, ağır yaralanıb. Bu olduqca ciddi bir rəqəmdir. Bu onu göstərir ki, bizə qarşı erməni terroru hələ də davam edir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər bizim üçün qarşılaşdığımız mənfi halların dilə gətirilməsinə əsla əngəl ola bilməz. Bu fakt heç kimin diqqətindən qaçmamalıdır ki, başda Prezident İlham Əliyev olmaqla, biz Ermənistanla siyasi dialoqun aparıldığı istənilən platformada minaların basdırılması, sərhəddə təxribatların davam etməsi, itkin düşmüş azərbaycanlıların taleyi, nəqliyyat kommunikasiyalarının açılmasında Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi kimi problemləri qabartmaqda davam edirik”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəldikdə isə, dövlətimizin başçısı Praqada olarkən bir daha qətiyyətlə qeyd etdi ki, bu, bizim daxili məsələmizdir. Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda heç vaxt vətəndaşlar arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoyulmayıb. Konstitusiyamızın 5-ci maddəsində təsbit edilib ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Biz bu məsələnin həllini heç bir məcburiyyət tətbiq etmədən erməni əsilli əhalinin seçiminə uyğun həll edəcəyik. Kim Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə özü üçün başqa yaşayış yeri seçə bilər. Azərbaycanda yaşamağı seçən ermənilər üçün isə tədricən Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi işə düşəcək. İnteqrasiya həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə etməlidir. Beləliklə, tədricən digər bütün vətəndaşlarımız kimi erməni əsilli vətəndaşların da Azərbaycan dövləti ilə sosial-siyasi, hüquqi bağlılığı yaranacaq. Bu, əlbəttə çox məsuliyyətli, diqqət tələb edən bir prosesdir, lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu məsələnin başqa həll yolu yoxdur.