Fərid Qədirlinin fərdi sərgisi

“Yenidən doğulma” qədim tarixə malik əzəmətli Buzovna qayalığı Mikayıl Müşfiq, Səttar Bəhlulzadə, Tahir Salahov, Mircavad kimi görkəmli sənətkarlarımızın İlham mənbəyi olmuşdur. Onların özünəməxsus siluetləri milli kino sənətimiz üçün də çəkiliş meydançasına çevrilmişdir. Buzovna qayaları “Koroğlu”, “Yeddi oğul istərəm”, “Qorxma, mən səninləyəm” və s. filmlərdə əks olunmuşdur. Məhz bu qayaların fonunda dahi Müslüm Maqomаyevin möhtəşəm mahnıları səslənib.

 Ölkəmiz üçün ağrılı olan 90-cı illərin əvvəllərində yer alan böhran Buzovna qayalığından da yan keçməmışdır. Füsünkar sahil qanunsuz olaraq ayrı-ayrı fərdlər tərəfindən zəbt edilmişdir, qayalar ucaldılan hasarlar məngənəsində sıxılmağa başlamışdır. 2 km dən uzun sahil zolağını əhatə edən unikal qayalıq get-gedə kiçildi. 2022-ci ilin aprel ayında Buzovna qayalığından yalnız 50 m azad hissə qalmışdı. Buzovna ictimayyətinin, və xüsusilə, gənclərinin həmin ilin yayında başladıqları “Qayalara azadlıq!” təşəbbüsü qısa zamanda ölkədə əks-səda yaratdı. Ekoaktivistlərin səsinə möhtərəm Prezident cənab İlham Əliyevin şəxsən münasibət bildirməsi və 22 iyun 2022-ci il tarixində dövlət başçısının xüsusi göstərişi ilə sahilin qanunsuz tikililərdən azad edilməsi Buzovna qayallğının dirçəliş tarixinin başlanqıcı oldu. Sakinlər tərəfindən qayalıq ərazidə hələ də davam edən iməcliklər, abadlıq işləri başladı. 

Mənim üçün də əziz və doğma olan Buzovna qayaları fotokameramdan yan keçmədi. Buzovna qayalıqlarından fotoreportajım social mahiyyəti ilə yanaşı, Abşeron mənzərələrinə yeni baxışım oldu.

Sərgim Buzovna qayalığının 20 illik əsarətdən nisbətən qurtulmasına həsr edilir. Ümid edirik ki, qədəm qoyduğumuz, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş yeni 2023-cü ildə bu möhtəşəm sahilin tam azadlığına şahid olacağıq. Onda daha yeni və gözəl sənət əsərlərilə görüşünüzə gələcəyik.

Vüsalə Abdullayeva