Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Bununla da dəm qazından zəhərlənmələrin də sayı artmağa başlayır. Məsələn, ötən gün Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. Rayonun Qızılağac kəndində baş verən hadisədə ailənin 7 üzvü dəm qazından zəhərlənib. Onlar evdə yatdıqları zaman zəhərləniblər.
Rayonun Qaraçala qəsəbəsində isə ailənin 3 üzvü, ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib hamamda çimərkən dəm qazından zəhərləniblər.
Ötən həftə isə Qubanın 55 yaşlı sakini dəm qazından zəhərlənərək, dünyasını dəyişib.
Beləliklə, hər il olduğu kimi bu ildə mövsüm başlayar-başlamaz dəm qazın ilə bağlı neqativ hadisələr artmağa başlayır.
Bəs nə etməli? Dəm qazı təhlükəsindən necə qurtulmaq olar?
Qeyd edək ki, ötən il millət vəkilləri də qaz təhlükəsi ilə bağlı yaranan təhlükələri önləmək üçün mənzillərdə detektorların məcburi quraşdırılmasını təklif etmişdi. Hətta bu məsələnin qanunvericilikdə yer alması təklifi də verilmişdi.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunla xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov "Yeni Müsavat”a danişib. Mütəxəssis qeyd edib ki, hadisələr insanların öz məsuliyyətsizliyi ucbatından baş verir:
"Bu cür hadisələr insanların məsuliyyətsizliyindən, qaz qanunlarına məhəl qoymamasından qaynaqlanan məsələdir. Məsələn, desələr ki, haradasa minalar var, həmin yerin hədəvərinə heç kəs getməz. Lakin dəfələrlə bu barədə müzakirələr, maarifləndirmə işləri aparsaq da ki, qaz minadan da təhlükəlidir, buna əhəmiyyət vermirlər”.
Mütəxəssis evlərə buraxılan qazın zəhərli olması ilə bağlı yayılan iddialara da münasibət bildirib:
"Qaz özü zəhərli deyil. Doğrudur, onun partlama həddi var. Lakin otağa 15 faizə qədər metan qazı toplananda artıq partlayış üçün hazır olur. Buna görə də ehtiyatlı olmaq, tədbirlər görmək, qazın qanunlarına hörmət etmək lazımdır. İstənilən məkana, cihaza qaz quraşdırmaq, qarşıya çıxan qohum-qonşu ustaya qaz işi gördürmək olmaz. Qaz işini görən usta qazla təhlükəsizlik qaydalarını bilməlidir, lisenziyası, sertifikatı, təhsili olmalıdır. Amma niyəsə insanlar fəlakətlə üzləşməyənə qədər buna inanmaq istəmir.
Bir daha qeyd edirəm ki, qazın özü zəhərli deyil. Sadəcə hansısa qurumun kiminləsə ədavəti varsa, ona qara yaxmağa başlayır. Bunu harada yoxlayıblar? Kim deyir ki, zəhərlidir? Zəhərlidirsə kütləvi surətdə insanlar zəhərlənə bilər. Azərbaycan əhalisinin təxminən 96 faiz əhalisi qazdan istifadə edir. Hazırda 1 milyon, 300 min evdə qaz cihazları yandırılır. Qazın yanma məhsulları zəhərli olur. Yəni, qaz əgər düzgün quraşdırılmayıbsa, düzgün yanmırsa. 1 kubmetr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Əgər bu hava çatmazsa və yaxud artıq olarsa, onda dəm qazı əmələ gəlir ki, bu da şəraitdən asılı olaraq 7-30 dəqiqədə onunla nəfəs alan insanların həyatına son qoyur. Bunu birmənalı bilmək lazımdır ki, qaz yanan otaqda o cümlədən mətbəxdə, hamamda havalandırıcı kanalı olmalıdır. Həmçinin pəncərə gözlüyü olmalı, qapı bayıra açılmalı, təbii işıq mənbəyi olmalıdır. Çalışmaq lazımdır ki, qaz külək vuran tərəfdə quraşdırılmasın ki, külək onu vurub keçirsin.
Bədbəxt hadisələr ən çox hamam otaqlarında olur. Bu səbəbdən hamam otaqları standartlara uyğun olmalıdır. Hamamın hündürlüyü 2.20 m, həcmi 7,5 kubmetr olmalıdır, mətbəxin həcmi minimum 15 kubmetr olmalıdır. Hər ikisində pəncərə gözlüyü, ventilyasiya kanalları qurulmalıdır, tüstü bacaları işlək vəziyyətdə olmalıdır. Bundan əlavə, hamamın qapısı bayıra açılmalıdır. Çünki içəridə kiminsə vəziyyəti pis olduqda qapının ağzına yıxılır. Qapı içəri doğru sındırıldıqda isə həmin insana zərər dəyə bilər. Əgər bu standartlar təmin olunmursa, insan tələfatı qaçılmaz olur. Məsələni daha dəqiq izah etsək, 1 kubmetr qazın yanması üçün bundan 10 dəfə artıq həcmdə oksigen lazımdır. Oksigen çatışmayanda həmin təbii qazdan karbon (IV) oksid əvəzinə karbon monoksid ayrılır. Bu da zəhərli dəm qazıdır ki, xalq arasında "uqar” da deyilir. Karbon (IV) oksid zəhərsiz olsa da, karbon monoksid zəhərlidir. İnsanın səhhətindən və konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər ölümə səbəb olan bir qazdır. O səbəbdən insan hamamda çimən zaman hamam qapısının aşağı hissəsində hava gəlməsi üçün yer olmalıdır. Orada açıq yer olmadıqda içəri hava daxil olmur, bu zaman içəridəki havanın oksigeni yanmaya kömək edir, tüstü bacasından çıxaraq atmosferə atılır. Hava çatışmadıqda isə həmin dəm qazı əmələ gəlir”.
Mütəxəssis dəm qazı təhlükəsindən xəbərdar edən cihazlardan da söz açıb:
"Dedektor adlanan cihaz var ki, həmin cihaz evdəki insanlara siqnal verir ki, ehtiyatlı olun, evdə dəm qazı var. Deyim ki, çox ağıllı və lazımlı cihazdır. Maraqlıdır ki, xarici ölkələrdən bir çox lazımsız məhsullar gətirib satışını həyata keçirirlər, amma bu cür vacib cihazların ölkəmizə gətirib satışını təşkil etmək istəmirlər.
Və yaxud sayğacların yanında klapanlar quraşdırılır. -Bu cihaz iki hissədən ibarətdir. Qəbuledici hissəsi mətbəxdə birləşdirilir, klapanı isə bayırda, sayğacdan öndə qaz xəttinə birləşdirilir. Mənzildə dəm qazı olduqda elektromaqnit dalğaları göndərilir və klapan dərhal qazın verilişini dayandırır. Dövlət qurumları və vətəndaşlar qeyd olunan məsələlərə əməl edərsə, bu qış mövsümündə dəm qazından ölüm hallarının minimuma enməsinə nail olmaq mümkün olar.
Qeyd edim ki, bunların hamısı xarici ölkələrdə icbaridir. Yəni, hər kəs öz evində mütləq bu cür cihazlar quraşdırmalıdır. Təəssüf ki, bizim ölkədə bu belə deyil. Məsələn, 1 milyonluq ev tikdirir, amma o cihazdan alıb, evində quraşdırmağa tənbəllik edirlər. Deyim ki, bu cihazlar heç də bahalı deyil.
Beləliklə səhlənkarlığımız, laqeydliyimiz üzündən neqativ, faciəli hadisələr baş verir.
Qaz qanunlarında qeyd edilib ki, su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə yoxlanılmalıdır. Lakin əksər hallarda buna riayət edilmir. Keçmiş sovet dövründə kvartalda bir dəfə daxili işlər nazirliyinin nəzdində könüllü yanğından mühafizə cəmiyyəti fəaliyyət göstərirdi. Həmin qurumun işçiləri evləri gəzərək tüstü bacaları, yanğın təhlüksəsizliyini ciddi yoxlayırdı. Lakin sonralar bu qurum ləğv edildi”.
Dəm qazından zəhərlənmənin ilkin əlamətləri hansılardır?