BMT-NİN GÜCLƏNDİRİLMƏSİ QLOBAL ÇAĞIRIŞDIR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək səviyyəli iclasında olduqca ciddi məqamlara toxunub. Cənab Prezident BMT-də islahatların aparılması məsələsini gündəmə gətirdi. Qeyd etdi ki, yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılması vacibdir.

Prezident İlham Əliyevin olduqca orjinal və eyni zamanda öz aktuallığı ilə diqqət cəlb edən bu çıxışını dünyanın digər tanınmış siyasi xadimləri də dəstəkləyiblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Qətər əmiri Şeyx Təmim ibn Həməd əs-Sani, Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi də bu təklifə öz dəstəklərini ifadə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, qloballaşan dünyamızın daha düzənli inkişafı, BMT-nin qarşıya qoyduğu məqsədləri ədalətli yerinə yetirməsi üçün sözügedən təşkilat yenilənməlidir. Ümumən isə onu demək olar ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ərazisinin 20 faizi işğal altında olan Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərlə bağlı qəbul etdiyi məlum qətnamələr bu günə qədər icra olunmayıb. Hesab edirəm ki, Şuranın səlahiyyətlərinin genişləndirilməsi və ora yeni üzvlərin qəbulu indiki məqamda Azərbaycanın maraqlarına cavab verir. Çünki Prezident İlham Əliyevin də həmin mötəbər tədbirdə qeyd etdiyi kimi, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Ermənistanın bu quruma qarşı etdiyi sayğısızlıq əlbəttə ki, qurumda islahatları zəruri edir. BMT-yə üzv olan ölkələr Qurumun nüfuzunu qorumaq üçün hərəkətə keçməlidirlər. Təəssüflər olsun ki, burada da ikili standart dominantlıq təşkil edir. Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərin ona verdiyi dəyərə hörmətlə yanaşmalı və Qətnamələrinin İcrasının həyata keçirilməsi mexanizmlərini işləməlidir. Qurum qəbul etdiyi qətnamələri vaxtında icra etsəydi Regionda erməni azğınlığı bu qədər dərinləşməzdi. Ermənistanın Baş nazirinin "Qarabağ Ermənistandır” kimi məsuliyyətsiz və həyasız Bəyannatı Qurumun Dağlıq Qarabağla bağlı Təhlükəsizlik Şurası və Baş Assambleyasının qəbul etdiyi Qətnamələrlə daban - dabana ziddir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışının sonunda bu nüfuzlu quruma bir daha öz dəstəyini nümayiş etdirib: "Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.”

Doğrudan da, BMT universal üzvlüyü təmin edən, hər bir dövlətin qanuni maraqlarının müdafiə edildiyi yeganə qlobal təsisatdır. Dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarında olan BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.

Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır. BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir; Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirilib. Qeyd edim ki, Qoşulmama Hərəkatının ideoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edir. "Soyuq müharibə” illərində yaranan və beynəlxalq hüququ, dövlətlərin suverenliyini müdafiə edən Qoşulmama Hərəkatı bu gün də aktuallığını saxlayır. 65 yaşlı Hərəkat heç bir hərbi bloka qoşulmayan, dünyanın 120 dövlətinin üzv olduğu beynəlxalq təşkilatdır. Bu təşkilatın təməli qoyulduğu zaman dövlətlərin qarşısında hər şeydən əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı ilə yanaşı, Mərkəzi Müqavilə Təşkilatı, Cənub-Şərqi Asiya Müqavilə Təşkilatı (SEATO) və ANZUS-a (Avstraliya, Yeni Zelandiya, Amerika Birləşmiş Ştatları) qoşulmamaq vəzifəsi dururdu.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini hər zaman diqqətdə saxlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə etmiş və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıblar.

Qoşulmama Hərəkatının bu günə qədər 18 Sammiti keçirilib. Sonuncu sammit 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda baş tutub. Bu sammitə ev sahibliyi edən Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu günü-gündən artır. Azərbaycanın qlobal siyasi təşəbbüslərinə qoşulanların, dəstək verənlərin sayı artır.

İltizam Yusifov

Milli Məclisin deputatı