Quran həlimlik tövsiyə edir

"Və bilin ki, çox bağışlayıcı, çox həlimdir Allah» (Bəqərə, 235) Quranda Allahı ən yüksək dərəcədə sevmək (Bəqərə, 165), Onun xoşnudluğuna nail olmaq və Ondan xoşnud olmaq (Məidə, 119) təməl əxlaqi hədəf olaraq göstərilir. Allahı sevmək həm də Onun əxlaqı ilə əxlaqlanmaq, boyası ilə boyanmaq, ən gözəl (əsmai-hüsna) adlarındakıkeyfiyyətlərə nail olmağa çalışmaqdır. İslam dininin tövsiyə etdiyi bu əxlaq ayrı-ayrı zamanlarda peyda olan və sürətlə populyarlaşan, daha çox fərdi mənafeləri düşünən, cəngəllik qanunlarını xatırladan «insan insanın canavarıdır» fəlsəfəsinə qarşı qoyulmuşdu. Cahiliyyə əxlaqı Quranda dəfələrlə hədəfə alınır. «Əslində, insanların çoxu çıxmış yolundan. Yoxsa cahiliyyə çağının hökmünü istəyirlər? Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı bir qövm üçün?» (Məidə, 49 – 51).

Cahiliyyə əxlaqı nə idi? Bu dönəmin İsa peyğəmbərlə Məhəmməd peyğəmbər arasındakı bir dövr olduğu fikri var. Eyni zamanda, cahiliyyənin keçmişdə də, gələcəkdə də mövcud olan əxlaq tipi olması fikri də geniş yayılıb. Ümumiyyətlə, «cəhl» sözü Quranda «elm»in korrelyatı kimi işlənsə də, bəzən «helm»in qarşılığı mənasında da rastlanır: «Küfr edənlər qəlblərində o təəssübü – cahiliyyə çılğınlığını qaynatdığı zaman Allah peyğəmbərinin və möminlərin ürəyinə arxayınlıq saldı» (Fəth, 26). Burada elmsizliyin özü yox, ondan doğan barbarlıq, təkəbbürlülük nəzərdə tutulur. İslama qədərki dövrün kumiri, qəhrəman etalonu haqqında məşhur cahiliyyə şairi Züheyrinin bir şerində oxuyuruq: «O bir aslandır, pürsilah (silahlanmış), dırnaqları kəsilməmiş. İgiddir, zülmə uğrayanda əlüstü zalıma qarşılıq verər, zülmə uğramazsa, özü zülmə başlar. Öz elini silahıyla qorumayan kişi zillətə düşər. Və insanlara zülm etməyənin özü zülmə məruz qalar».

Göründüyü kimi, burada ədalət, mənəviyyat prinsipləri yox, başqalarına qalib gəlməyi ideal olaraq götürən, sərhədləri fərd və qəbilənin mənafeyi hüdudlarından kənara çıxmayan bir əxlaq tərənnüm olunur. İslam bu əxlaqa qarşı insana münasibətdə helm, şəfqət, məhəbbət dolu bir əxlaq qoydu. Dinimizdə Allahın sahib olduğu və insanlara da tövsiyə olunan keyfiyyətlərdən biri də helm – həlimlikdir. Bu, əxz edilməsi o qədər də asan olmayan mənəvi keyfiyyətdir. Çünki çətin vəziyyətlərdə insanların dözüm səviyyəsi eyni deyil. Bəzi insanlar hətta ən bəsit
situasiyalarda həyəcanlanır, çılğınlıq nümayiş etdirir. Tövsiyə olunan isə ağılla, yumşaqlıqla hərəkət etmək, şiddətli hadisələrin qarşısında sarsılmamaq, təmkinini mühafizə edə bilməkdir. Kamil insan belə olmalıdır.
Tam yetişmiş şəxsiyət sahibi olanlar, adətən, könül genişliyinə sahib olur, insanların yanlışlarında üzrünü məqbul saya bilir, xətalarını görməməyə çalışır. Birisi onu narahat edəndə isə öz səviyyəsinə baxıb ona qoşulmur. Hər işi ağıl və ağırtaxtalılıqla yola verməyə çalışır. Bu, Allah qatında bəyənilən keyfiyyət olub helm adlanır.

Təfsir kitablarında əsmai-hüsnadan olan «həlim»in «çox səbrli, günahkarları cəzalandırmaqda tələsməyən» anlamı var. Və ya «qulların üsyanından təsirlənməyən, günahkarlara qəzəb etməsi özünü təlaşa salmayan, hər şeyi olması lazım gələn ölçüdə edən» kimi də izah olunur. Allah taalanın həlimlik sifəti ilə bağlı ayələrə baxaq. Araşdırdığımız
on bir ayədən altısında «həlim» sözü qafur (bütün günahları bağışlayan), üçündə alim (çox yaxşı bilən), birində qəni (hər şeydən müstəğni), birində isə şəkur (az miqdarda yaxşı hərəkətə çox mükafat verən) adları ilə birgə işlənir. Bunların bəzilərini nəzərdən keçirək. «Allah sizi çərənləyərək içdiyiniz andlara görə töhmətləndirməz, ürəyinizdən gələn andlara görə töhmətləndirər. Şübhəsiz, bağışlayandır, həlimdir Allah» (Bəqərə, 225); «Belə qadınlara evlənmək təklifini eləyəndə, yaxud bu istəyi ürəyinizdə saxlayanda günaha batmazsınız. Allah bilir,
anacaqsız onları. Qanuni işdən savayı nəyinsə barəsində onlarla gizlicə vədələşməyin. Müddət bitməyincə kəbin kəsdirmək fikrinə düşməyin. Bilin, ürəyinizdən keçəni bilir Allah, çəkinin Ondan. Və bilin ki, çox bağışlayıcı,
çox həlimdir Allah» (Bəqərə, 235); «Gözəl bir söz söyləmək, əfv eləmək əziyyət gətirən sədəqədən yaxşıdır. Varlıdır, həlimdir Allah» (Bəqərə, 263); «İki dəstə üz-üzə gələn gün geri durdu bir qisminiz. Bəzi işləklərinə görə onları yolundan çıxarmaq istəmişdi şeytan. Onları əfv etdi Allah. Şübhəsiz, bağışlayandır, həlimdir Allah» (Ali İmran, 155); «Öyər Onu yeddi göy, yer və bunlarda olanlar. Bir məxluq olmaz ki, Onu öyməyə. Amma siz anlamazsız onların öyümünü. Şübhəsiz, çox həlimdir, günahlardan keçəndir O» (İsra, 44); «Zövcələrindən kiminin
növbəsini istəsən təxirə sal, kimini də istəsən yanına al. Kənar olduğun zövcələrindən də istədiyini yenə çağırsan yanına, batmazsan bir günaha. Onlara gözaydınlığı üçün belə etsən daha yaxşı. Gərək heç üzülməyələr, hər birinə verdiyindən razı qalalar. Ürəyinizdə nə varsa, bilər Allah. Hər şeyi biləndir, həlimdir Allah» (Əhzəb, 51); "Allahdır
göylərlə yeri məhv olmaqdan saxlayan. Yoxluğa üz tutdumu göylərlə yer, Allahdan başqa heç kəs bunları tutub saxlaya bilməz. Həlimdir, günahlardan keçəndir O» (Fatır, 41).

Bəllidir ki, Allah taala yolunu azmış qövmlərə peyğəmbər göndərərək xatırlatmalar edib. Bu görüşdə mütləq iki tərəf olur: həqiqəti görmək istəməyən qövm və Allahın elçisi. Qarşılaşan tərəflərin danışıqlarını, davranışlarını müqayisə edəndə hər zaman peyğəmbərlərin müvafiq qövmlərə – Allahı unutmuşlara, yolunu azmışlara həlimliklə
müraciət etdiyini görürük. Baxmayaraq ki, bu qövmlər Allah əmrinə tabe olmaqdan imtina edir, özünə və başqalarına zülm edirlər. Quranın müşriklərə olan tənqidinin predmetini onların cəhli təşkil edir. Bu cəhl
isə o idi ki, onlar, sadəcə, ağılları çatmadığı üçün inkar etmirdilər, qürur, təkəbbür, inadkarlıq kimi yaramaz keyfiyyətləri üzündən peyğəmbərlərin gətirdiyi qardaşlıq, bərabərlik, mərhəmət, səbr, sülh şərtləri içində
yaşama şərtlərinə müqavimət göstərirdilər. Peyğəmbərlər, sadəcə, xəbərdarlıq edirdilər. Çünki Qurandakılar, Allahın vəhyləri etik-əxlaqi imperativ deyil, «insanlar üçün açıqlama, inananlar üçün öyüd və hidayətdir
». Dində məcburiyyət yoxdur. Və bir də ona görə ki, peyğəmbər Allah elçisidir və o, Allah taalanın ən gözəl adlarından olan Həlim sifəti ilə sifətlənmiş olmalıdır. Çünki o, Allahı təmsil edir. Allah isə həlimləri
sevir. Bundan başqa, Müqəddəs Kitabımızda peyğəmbərlərin aləmlərə rəhmət olaraq göndərildiyi deyilir. Emosiyaların əsiri olan, qəzəblənən, coşan, özündən çıxan, təhdid edən rəhmət ola bilməz.

Məsələn, Quranda Allah taalanın peyğəmbəri Hudu öz qövmünü tövhidə dəvət etməyə göndərdiyi deyilir. Ad qövmünün adamları özlərini çox güclü sayırdılar: «Ad qövmünə gəlincə, yer üzündə haqsız yerə
təkəbbürlük etmişdilər. Demişdilər: «Kimdir bizdən güclü olan?» Onları yaradan Allahın özlərindən daha güclü olduğunu bilmirdilər, deyilmi? Ayələrimizi danırdılar beləcə» (Fussılət, 15). Onlar bu təkəbbürləri
üzündən Hudun həlimliyini qiymətləndirmirdilər. Həlimlik onlar üçün dəyər deyildi. Hudu kiçildirdilər: «Bu elçinin qövmündən olub kafirlik eləyən, axirətə qovuşmağı danan o kübarlar ki, biz onlara dünya həyatında
bolluca ne’mət vermişdik, dedilər: «Bu da sizin kimi bir bəşərdir, sadəcə, yediyinizdən o da yeyər, içdiyinizdən o da içər. Özünüzün bənzəri bir bəşərə itaətdə olsanız, ziyana düşərsiniz (Muminin, 33-34). Peyğəmbərə olan etimadsızlıq Allaha olan sayğısızlıq idi. Amma onların bu etirazları qabağında Hudun seçdiyi tövr belə idi: «Hud dedi: «Ey qövmüm, mən ağılsız deyiləm, aləmlərin Rəbbinin göndərdiyi elçiyəm. Mən Rəbbimin sözlərini yetirirəm sizə, etibarlı öyüdlər verirəm sizə» (Əraf, 67-68). Başqa bir ayədə deyilir: «Ad qövmünə göndərdik
Biz Hudu, onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət eləyin, yoxdur sizin Ondan başqa tanrınız. Allaha şərik qoşmaqla Ona böhtan yaxırsız. Ey qövmüm, buna əvəz olaraq sizdən
bir əcir uman deyiləm. Əcrimi xaliqim verər. Bir ağıl işlətsəniz! Ey qövmüm, məğfirət diləyin Rəbbinizdən, sonra tövbə eləyib üzünüzü tutun Ona. O da bolluca yağış göndərər göydən sizə, güc qatar gücünüzə.
Günah işlətməyin, Ondan üz döndərməyin» (Hud, 51-52).

Cahillərin Huda sataşması onun helmini məğlub edə bilmədi. Çünki Allahın xeyir timsalı bir peyğəmbəri ilə daşlara sitayiş edən qövm arasında böyük bir mədəniyyət fərqi vardı. Huddan sonra Saleh peyğəmbər Şam ilə Hİcaz arasında Hicr deyilən bölgədə məskun olan Səmud qövmünə göndərilib. Səmudlular zənginlik içində yaşayıblar. Komfortlu evləri, yamyaşıl bağ-bağçaları,
bazarlarının zənginliyi ilə öyünürmüşlər. Bütün bunlar onları Allaha qulluq etməkdən uzaqlaşdırıb. Təkəbbürlü, qürurlu, özündən müştəbeh, tamahkar və inkarçı bir cəmiyyət halına gəliblər. Allahın onlara göndərdiyi
Saleh peyğəmbərin öyüdlərini dinləmir, onun peyğəmbərliyini yalanlayırmışlar. Başqaları kimi tələb edirmişlər ki, bir möcüzə göstərsin. Uca Allah ona səmudluların gözü qarşısında iki dağın arasında dişi
bir dəvə göndərir. O dəvə yalnız bəlli günlərdə gəlir və quyunun yalağından su içib gedərmiş. Saleh peyğəmbər səmudlulara tapşırır ki, o dəvəyə toxunmasınlar, əks təqdirdə böyük bəlaya düçar olarlar. Amma
səmudlular qəsdən onu dinləmir və dəvəni kəsirlər. Qövmü Saleh peyğəmbəri və möminləri qorxutmaq üçün çalışıb. Etiraz səslərini ucaldır, kinlərini üzə çıxarırmışlar. Saleh onlara yumşaq davranaraq: «Ey millətim! Mən sizə Rəbbimin risaləsini təbliğ etdim. Fəqət siz nəsihət edənləri sevməzsiniz» deyib.

Ülül əzm peyğəmbərlərdən olan İbrahim üçün Əvvab (çox ah çəkən), Münib (Allaha sığınan), Hənif, Şakir kimi sifətlrlə yanaşı Həlim sifəti də işlənir. İbrahim peyğəmbər Babil camaatına uzun müddət haqq dini, dünyanı, axirəti, həyatı, ölümü və s. anlatmış, atası Azərə isə bunları incəliklərinə qədər izah etmişdi. Amma nə xalq, nə də atası ona inanmışdı. Amma İbrahim bundan acıqlanmamış, təmkinini qorumuşdu. Hətta atası üçün Allahdan rəhmət diləmişdi: «Sənə salam olsun! Sənin üçün Rəbbimdən məğfirət diləyəcəyəm. Çünki o, mənə qarşı lütfkardır
» (Məryəm, 74); «Məğfirət diləməzdi atasına İbrahim, sadəcə, əməl eləyirdi ona verdiyi və’də. Biləndə ki, Allahın düşmənidir atası, ondan uzaq oldu. Çox həssasdı, həlimdi həqiqətən İbrahim» (Tövbə, 114).

Quranda bəzən «helm» sözü işlənməsə də, söhbətin bu keyfiyyətdən getdiyi aydın olur: «Onlar ki, günahın böyüklərindən və çirkinliklərdən uzaq durar və acıqlananda da qüsur örtərlər» (Şura, 37); «Bir şirin dil, bir bağışlama, ardından incitmək gələn sədəqədən daha xeyirlidir. Allah Qənidir, Rəhimdir» (Bəqərə, 263). Başqa bir ayədə isə yumşaqlıq, helm anlamında «hevn» sözü işlənib. Bu anlam sondakı cümlədən anlaşılır: «Cahillər onlara söz atdıqları zaman «Salamat olun» deyərlər». Quranda hətta arzuolunmaz pis situasiyalarda da təmiknini
saxlama, özünü emosiyalara təslim etmədən yaxşı üsullarla vəziyyətdən çıxma tövsiyə olunur: «Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et» (Muminin, 96).

Nəhayət, qeyd edək ki, həlimlik hər cür yumşaqlıq yox, həlim olmaya bilənin etdiyi əxlaqi davranışdır. Başqa alternativi olmayanın göstərdiyi yumşaqlıq helm deyil. Məsələn, qurdun qarşısında yumşaqlıq
göstərən quzunun hərəkəti helm deyil. Helm sərt olmaq imkanına baxmayaraq, Allahın Həlim gözəl adına uyğun şəkildə yumşaq davranışdır. Məqsəd Allah razılığına nail olmaqdır. Bir sıra peyğəmbərlər
Allahın tapşırıqlarını yerinə yetirəndə, özü də biləndə ki, yeganə qüdrət sahibi Allah onu müdafiə edir, yenə də həlim şəkildə davranır, Allahın tövsiyə etdiyi davranışı, onun xəlifəsinə yaraşan davranışı sərgiləyirdilər.
Bu davranış təqdir olunur: «Sizi çaşdırmaqdan çəkinməzlər, istərlər çətinə düşəsiz. Qəzəb daşıb tökülər ağızlarından. Sinələri daha çox doludur kin-küdurətlə. … Baxın, sizi sevməsələr də sevirsiniz onları»
(Ali İmran, 118-119).

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən"Dini maarifçilik istiqamətində kitab çapı” layihəsi çərçivəsində çap olunur.