Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində unutmamalıyıq ki, Ermənistan işğal dövründə öz himayədarlarının köməkliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, həm də Azərbaycanın müstəqillik seçimini təhdid edirdi. Məqsəd milli kimliyimizi aşağılamaq, milli ləyaqətimizi və bir-birimizə olan inamı sarsıtmaq idi. Şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, məscid və qəbirlərimizin təhqir olunması, tarixi və mədəni irsimizi Qarabağdan silmək cəhdləri elə bu məqsədə xidmət göstərirdi. 28 il ərzində 700 mindən çox azərbaycanlının öz Vətənində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması həm də milli qürurumuzun məqsədli şəkildə hədəf seçilməsi demək idi.
2007-ci ilə qədər yayın qızmarında, qışın şaxtasında çadır şəhərciklərində və dəmir vaqonlarda yaşamağa məcbur olan həmvətənlərimizin mənəvi iztirabını, ağrı-acısını, məruz qaldığı mərhumiyyətləri sözlə ifadə etmək mümkün deyil. Amma o da danılmaz həqiqətdir ki, o ağır illəri keçmiş köçkünlərlə birgə bütün Azərbaycan yaşayırdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük antiterror əməliyyatı nəticəsində həm də köçkünlük həyatının əzablı illərinə son qoyuldu. Ərazi bütövlüyümüz və suverenliyimizlə yanaşı, milli kimliyimizi də təhdid edən işğalçı Ermənistana və onun himayədarlarına iki əsrdən bəri gözlədiyimiz və heç vaxt unudulmayacaq tarixi dərs verildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın hər birimizə, ilk növbədə, keçmiş məcburi köçkünlərə yaşatdığı sevinc və qürur hissi onların ağrı-acısına ən təsirli məlhəmdir. İnsanlarımız uzun illərin həsrətindən sonra öz dədə-baba torpaqlarına qayıdır. Dövlətimizin Qarabağda və Şərqi Zəngəzurda apardığı bənzərsiz bərpa-quruculuq işlərinin yeganə məqsədi odur ki, köçkünlüyün iztirabını çəkmiş insanlar bundan sonra daha rahat, daha gözəl şəraitdə yaşasın, keçmişin ağrı-acısını qismən də olsa unutsun. Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin, Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılış mərasimlərində iştirak etdi. Prezident keçmiş köçkünlərə yeni ev və mənzillərin açarlarını təqdim etməzdən əvvəl onlara bu müraciəti etdi: “Bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər-30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib”.
Prezident İlham Əliyev elə həmin gün Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış kompleksləri ilə yanaşı, şəhər məscidinin də təməlini qoydu. Erməni işğalçılarının dağıtdığı, təhqir etdiyi məscidlərimizin yerində yenilərinin ucaldılması həm də o deməkdir ki, Qarabağdan Azan səsini kəsmək, Azərbaycan dilini silmək istəyənlərin arzusu gözlərində qaldı.
Azərbaycan dünyaya o nümunəni təqdim etdi ki, xalq öz Liderinə və onun cəsarətli qərarlarına tərəddüd etmədən etimad göstərdikdə, istənilən bədxahın milli birliyi pozmaq və hədəflərə mane olmaq cəhdləri iflasa uğrayır. Azərbaycan onu da sübut etdi ki, xalq öz Lideri ətrafında bir yumruq kimi birləşdikdə, Lider isə Prezident İlham Əliyev qədər qarşısındakı aktorların siyasi kimliyindən asılı olmayaraq, əyilməz iradə nümayiş etdirdikdə, tarixi ədalətin bərpası da qaçılmaz olur!
Ülvi Quliyev
Milli Məclisin deputatı