Soltan Məmmədov: "Moskva görüşündə əldə olunmuş razılaşma Cənubi Qafqazda..."

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskva görüşündə əldə olunmuş razılaşma Cənubi Qafqazda təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edir. Bu, həm yeni təhlükəsizlik formatının güclənməsinə, həm də region ölkələrinin ümumi rifahına xidmət edən əməkdaşlıq imkanlarının genişləndirilməsinə stimul yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Beynəlxalq kommunikasiyaların bərpası bütün region ölkələrinin iqtisadi maraqlarına cavab verir.

Soltan Məmmədov 44 gün davam edən Vətən müharibəsinin regionun mənzərəsini tamamilə dəyişdiyini, yeni hərbi, siyasi və iqtisadi reallıqlar yaratdığını bildirib. Onun fikrincə, indi ən mühüm vəzifələrdən biri bu reallıqlara istinad edərək region xalqlarının rifahını, təhlükəsizliyini təmin edən addımların atılmasına nail olmaqdır: "Fikrimcə, bu görüşün nəticəsi olaraq qəbul edilmiş Bəyanat mahiyyət etibarilə həm də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin məntiqi nəticəsidir. Sənəddə yalnız iqtisadi məsələlərin vurğulanması, siyasi məzmunlu vurğuların olmaması bir daha göstərir ki, artıq Ermənistan da yaranmış reallıqla barışmaq məcburiyyətindədir”.

Soltan Məmmədov hesab edir ki, Ermənistanın hazırkı iqtisadi, sosial durumu, müharibədə üzləşdiyi ağır məğlubiyyətin nəticələri bu ölkənin perspektivini ciddi şübhə altında qoyur. Bu baxımdan, Ermənistan hökuməti reallıqları nəzərə almalıdır.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının nəqliyyat əlaqəsini təmin edən dəhlizin bərpası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Ermənistan da Rusiya və İranla daha rentabelli, təhlükəsiz nəqliyyat əlaqəsi yarada biləcək: "İmzalanmış Bəyanatın təhlili göstərir ki, əsas məqsəd regionun nəqliyyat-kommunikasiya sisteminin bütün ölkələrin maraqlarına uyğun formada yenidən qurulmasına nail olmaqdır. Bu, Azərbaycanı tarixi Qələbəsinin etirafıdır. İndi bütün region ölkələri, o cümlədən regionda maraqları olan böyük dövlətlər 27 sentyabrdan əvvəlki dövrə qayıtmağın mümkün olmadığını anlayırlar. Yeni reallıqlar var və bu reallıqları Azərbaycan yaradıb. Artıq Cənubi Qafqazın tarixində tamamilə fərqli mərhələ başlayır. Bu, əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan faydalı əlaqələrin qurulması mərhələsidir”.