Lənkəranda Qurban bayramı ərəfəsində satış-yarmarka keçirildi

Lənkəranda Qurban Bayramı ərəfəsində satış yarmarkası təşkil edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, səhər saat 9:00-dan start verilən yarmarkaya həm rayonda, həm də ətraf bölgələrdə fəaliyyət göstərən 11 fermer təsərrüfatından 3200 baş xırda buynuzlu heyvan satışa çıxarılıb. Satışa çıxarılan diri heyvanların qiyməti çəkisindən asılı olaraq 100, 110 və 120 manata kimi dəyişib. Kəsilmiş qoyun ətinin bir kiloqramı yerindəcə 8 manata alıcılara təklif olunub. Qurban bayramı yarmarkasının keçirilməsində əsas məqsəd vətəndaşların bayram qabağı qurbanlıq heyvanlara olan tələbatını ödəmək və bazarda süni qiymət artımının qarşısını almaq olub.


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov bildirib ki, yarmarkada heyvanların qiymətinin bazardan fərqli olaraq 25 faiz aşağıdır.

"Yarmarkada heyvanların qiyməti bazardan fərqli olaraq 25 faiz aşağı qiymətədir. Qurban bayramı günlərində rayonda məskunlaşmış məcburi köçkünlərə, aztəminatlı ailələrə, Qarabağ əlilləri, şəhid ailələrinə və digər imtiyazlı şəxslərə, ümumilikdə 5000 ailəyə  bayram sovqatı veriləcək".

Qiymətlərin süni artımının qarşısını almaq və stabil saxlamaq üçün əraziyə aidiyyatı orqanların əməkdaşları nəzarət ediblər. Həmçinin fiziki şəxslərin yarmarkaya çıxardığı heyvanların sağlamlığı rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən yoxlanılıb.

Lənkəran Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov satışa çıxarılan heyvanların sağlamlığına zəmanət verib.

"Qurban bayramı ilə əlaqədar olaraq sahibkarlar tərəfindən gətirilən xırda buynuzlu heyvanlar infeksion və digər xəstəliklərə qarşı tam müayinədən keçirilib. Heyvanlar klinik olaraq tam sağlamdır".


Qeyd edək ki, Lənkəranda təşkil olunan bayram yarmarkası 3 gün davam edəcək.