Bakı Dairəvi yolunda FHN-in 6 xilasedicisinin vurulması ilə bağlı qəza ciddi bir problemi qabartdı.
Sabahinfo.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovdeyib.

Onun sözlərinə görə, qəza yeri yol olduğuna görə bu kimi işlərə xüsusi diqqətlə yanaşılmalıdır: "Qəzanı araşdırmaq, oradakı nasaz avtomobilləri və s. yığışdırmaq müəyyən vaxt tələb edir. Bu vaxt ərzində təhlükəsiz məsafədə xəbərdarlıq nişanları qoyulmalı, patrul avtomobili ilə ora mühafizə edilməli, hətta imkan daxilində hadisə yeri xüsusi vasitələrlə (xüsusi lövhələrlə, lentlə və s.) təcrid edilməlidir. Orada öz xidməti işini görənlər isə son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Belə tədbirlərə biganə yanaşmaq olmaz. Xüsusən də yaşayış məntəqəsindən kənar, sürətli hərəkət olan yollarda daha diqqətli olmaq lazımdır".

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəzayla bağlı məlumat yayıb.
İdarədən report-a verilən məlumata görə, Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan və Cəmil Cabbarovun idarə etdiyi qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "Kamaz"a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.
Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Yaralılardan yalnız 28 yaşlı Vüsal Şabanov FHN-in əməkdaşıdır.
Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri, 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub. Hazırda yaralıların vəziyyəti sabitdir.
Faktla əlaqədar araşdırmalara başlanılıb. "Opel"in sürücüsü İslam Manafov hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.