Fransa Ermənistanın cinayətlərinə haqq qazandırır

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycana qarşı qətnamənin qəbul edilməsi bizim üçün yenilik deyil və gözlənilən idi. Bundan əvvəl - noyabrın 15-də Fransa Senatı da ölkəmizə qarşı qərəzli qətnamə qəbul edib. Azərbaycan Milli Məclisi bunlara cavab olaraq bəyanat qəbul edib. Təbii ki, Milli Assambleyanın və Senatın qəbul etdiyi qətnamələr ölkəmiz üçün heç bir dəyəri olmayan kağız parçalarıdır. Çünki bu iftiralar reallığa söykənmir və beynəlxalq hüququn tələblərindən uzaqdır. Qəbul olunan qətnamələr Prezident Emmanuel Makronun və Fransanın erməni sevgisinə əsaslanmış ədalətsiz siyasətinin bariz nümunələridir. Bu, həmçinin Ermənistanın Senat və Milli Assambleya tərəfindən açıq şəkildə dəstəklənməsinin ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, Milli Assambleya Fransa hökumətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Avropa İttifaqı (Aİ) və ABŞ-la birgə fəaliyyət göstərməyə çağırıb. Bununla paralel olaraq, Fransa hökumətindən iki ölkə arasında münasibətləri normallaşdırmaq məqsədilə Aİ səviyyəsində səyləri artırmağı tələb edib. Əvvəla onu qeyd etmək lazımdır ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində iştirak etmək etimadını itirib. Milli Assambleyanın isə hökumətdən belə bir şey istəməsi absurd qərardır.

“Fransa hökuməti iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında ən böyük maneədir. Fransanın davranışından belə nəticəyə gəlmək olar ki, bu dövlətin iştirakı ilə Cənubi Qafqazda heç vaxt sülh yaranmayacaq. İkincisi, Milli Assambleyadan soruşmaq lazımdır ki, Fransa Ermənistana havadarlıq etdiyi halda, münasibətlərin normallaşmasına necə töhfə verə bilər? Milli Assambleyanın və Senatın üzvləri Azərbaycanın Ermənistan torpaqlarında olmadığını və 30 illik işğal dövründə dağıdılaraq vandalizmə məruz qalan torpaqların suveren ərazilərimiz olduğunu bilmirlər? Fransalı deputatların ermənilərin ərazilərimizi işğal etdiyi dövrdə vandalizmə məruz qalan və təhqir olunan azərbaycanlıların dini ibadət yerləri və mədəni irsi olduğunu görməyə gözləri yoxdur?

Qətnamədə cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi təklif olunur. Fransa deputatları müharibə cinayətləri törədərək mülki şəxsləri 30 il məcburi köçkünlük həyatına vadar edən işğalçı dövlətin bu əməllərini görmək istəmirlər. Eyni zamanda, Fransa Vətən müharibəsi zamanı döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş ballistik raket atəşinə tutaraq günahsız insanları qətlə yetirən Ermənistanın cinayətlərinə haqq qazandırır. Anlamaq olmur ki, Fransanın Milli Assambleyasının deputatları hansı cəzasızlıqdan danışırlar. Təbii ki, Azərbaycan Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymətin verilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edib. Fransa da Ermənistanın törətdiyi müharibə cinayətlərini çox gözəl bilir. Milli Assambleya, sadəcə, qətnamədə bu məsələlərə toxunmaqla Ermənistanı gələcəkdə beynəlxalq məhkəmələrdə üzləşəcək ittihamlardan qabaqcadan sığortalamağa can atır”, - deyə A.Badamov vurğulayıb.

O bildirib ki, Milli Assambleya mövcud olmayan separatçı “Dağlıq Qarabağ” ifadəsini işlədərək, Fransa hökumətindən oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün səylərini artırmağı təklif edir. Aşağı palatanın bu ifadəsi beynəlxalq hüququ ayaq altına ataraq Azərbaycanın suveren ərazisinə müdaxilə edilməsinə çağırışıdır. Fransanın özü də 100 illər ərzində törətdiyi cinayətlərə görə cəzasız qaldığına görə bu gün Ermənistanı müdafiə edir. Beynəlxalq hüquq işləmədiyi üçün bu dövlətə qarşı zamanında hər hansı addım atılmayıb. Bu səbəbdən də Fransa hazırda cinayətkar Ermənistanı dəstəkləyərək Azərbaycana qarşı belə qərəzli sənədlər qəbul edir.

Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi beynəlxalq hüququn işləməməsinin göstəricisidir. Bu gün beynəlxalq hüquq və ədalət güclü olanın tərəfindədir. Təbii ki, Azərbaycan öz gücünü döyüş meydanında sübuta yetirərək tarixi ədaləti bərpa edib. Bu gün isə yanımızda NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyə dayanıb. Bu, o deməkdir ki, güc yenə Azərbaycandadır və lazım olarsa, ölkəmiz gələcəkdə də beynəlxalq hüququn işləməsini təmin edəcək. Fransa bu addımlarla Azərbaycanı, sadəcə, özündən daha da uzaqlaşdırır.

Deputat əlavə edib ki, bu gün E.Makronu ən çox narahat edən məsələ onun beynəlxalq siyasi meydandan uzaq salınmasıdır. Rusiya-Ukrayna müharibəsindən əvvəl “ağsaqqallıq” etmək üçün Moskvaya gedən Fransa Prezidentini Vladimir Putin uzun stolda özündən uzaqda saxladı. Bu münasibəti də bütün dünya gördü. E.Makron indi də lazım olmayan məsələlərə müdaxilə etməklə yenə özünü və ölkəsini hörmətdən salır.