"Fransa Senatı növbəti dəfə qərəzli bir qurum olduğunu nümayiş etdirdi"

Noyabrın 15-də Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.

Bu hadisə Fransanın beynəlxalq hüququn əsas prinsiplərini heçə saydığını göstərir. Fransa Senatı, Prezident Emmanuel Makronun hökuməti erməni separatçılığını, onların Azərbaycana qarşı ərazi iddialarını birbaşa və dolayısı ilə dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxıblar.

Deputat Elşad Mirbəşiroğlu Fransa Senatının növbəti dəfə qərəzli bir qurum olduğunu nümayiş etdirdiyini bildirib: “Fransa Senatı son addımı ilə bizə onsuz da yaxşı bəlli olan reallıqları təsdiqlədi. Fransa ATƏT-in Minsk qrupunda hansısa yollarla özünün də təmsil olunmasına nail olmuşdu. Ermənistanın işğalçılıq siyasətini yürüdürdü. Fəaliyyəti səmərəsiz idi. Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına yönəlmişdi. 30 ilə yaxın bir dövrdə münaqişənin tənzimlənməsi ilə yox, idarə olunması ilə məşğul olurdular. Fransa şirkətləri Ermənistanın işğalı dövründə bizim ərazilərimizdə qeyri-qanuni fəaliyyətlə məşğul olurdu. Azərbaycanın sərvətlərinin talanmasında birbaşa iştirak edirdilər. Fransa Senatının üzvləri rəsmi Bakının izni olmadan Azərbaycanın ərazilərinə səfərlər edirdilər. Separatçı rejimlə separatçı sənədlər imzalayırdılar”.

E.Mirbəşiroğlu qeyd edib ki, Fransa separatçıların yanında olduğunu sübut edir:

“Ermənistan axtardıqlarını Fransada tapmaqdadır. Fransa ona şərait yaradır. Belə olan halda hesab edirəm ki, Azərbaycan-Fransa münasibətlərinə sağalmaz yaralar vurmaqdadır. Azərbaycan yeni reallıqların müəllifi kimi regionda geosiyasi, geoiqtisadi maraqları üçün münbit şərait yaradıb. Fransa separatçıların yanındadır, separatizmin ruporu rolundadır, işğalçılığı təbliğ edir, Avropada separatizmin inkişafına rəvac verməkdədir”.