"Fransanın bu qərarı həm də Avropanın təhlükəsizliyinə təhdiddir" - Deputat

Fransa  Senatının  Azərbaycanla bağlı qəbul etdiyi qətnamə bu ölkənin  bir daha İslam dünyasına və türklərə qarşı açıq irqçi münasibətin növbəti sübutu  kimi dəyərləndirilməlidir.

Sabahinfo.az xəbər verir ki, bunu Avropa.info-ya açıqlamasında  Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Deputatın sözlərinə görə, Fransa dünyada islamofob, türkofob siyasəti ilə tanınan ölkədir. “Fransa bu gün  özünü dünyada demokratiyanın, insan haqlarını müdafiəçisi kimi təqdim etməyə çalışsa da, onun tarixinə nəzər salsaq, tamamilə fərqli bir mənzərənin şahidi ola bilərik. Heç də uzaq olmayan tarixinə nəzər salsaq, o zaman Fransanın  dünyanın müxtəlif ölkələrində və bölgələrində  insanlığa sığmayan dəhşətli hərbi cinayətlər, qətliamlar, soyqırım  törədən bir ölkə olduğunu görərik.  Fransa bu gün də həmin siyasətini  bu siyasətini başqa adlar altında davam etdirməkdədir. Fransanın  Azərbaycan torpaqlarını işğal edib, bu torpaqlarda  insanlığa sığmayan hərbi cinayətlər, soyqırım siyasəti həyata keçirən işğalçı  Ermənistana açıq dəstək verməsi bunun bariz göstəricisidir. Bu həm də Fransanın açıq irqçi, azərbaycanofob, türkofob və islamofob mahiyyətindən irəli gələn məsələdir”- qeyd edib.

Deputat əlavə edib ki, qəbul etdiyi qətnamə  təkcə Cənubi Qafqaz regionunda deyil, bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid kimi dəyərləndirilməlidir: 

“Fransa Senatının qəbul etdiyi qətnamə birbaşa beynəlxalq hüququ ayaqlar altına atmaq deməkdir. Sənəd eyni zamanda Fransanın özünün səs verdiyi və dəstəklədiyi, tərəfdaş çıxdığı  beynəlxalq sənədlərə hörmətsizlik  və onun kobud surətdə pozulmasıdır. Qəbul edilən kağız parçasındakı Qarabağın müstəqil dövlət kimi tanınması istiqamətində müəddəanın əksini tapması birbaşa bölgədə yeni münaqişə ocağının yaranmasına, separatizmə xidmət edir. Bu həm də Fransanın Azərbaycanın ərazi bütövlüyünə  hörmətsizlik və qəsddir. Ona görə də Azərbaycan Fransanın bu mövqeyinə sərt təpki göstərməlidir. Artıq Milli Məclis  və dövlət səviyyəsində bu məsələ ilə bağlı konkret mövqe ortaya qoyulub. Azərbaycan Fransa ilə siyasi-iqtisadi əməkdaşlıq münasibətlərinə yenidən baxmalıdır”.