Fransanın qərəzi

Fransa Senatı noyabrın 29-u Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul edib. Senatın 295 üzvü sənədin leyhinə, 1 üzvü isə əleyhinə səs verib. Fransa Senatı Azərbaycandan öz silahlı qüvvələrini "suveren Ermənistan ərazisindən geri çəkməyi və Ermənistanın ərazi bütövlüyünə hörmək etməyi" tələb edir. Qətnamədə, həmçinin "erməni hərbi əsirlərin azad olunması, qaz nəqlinə embarqo tətbiq edilməsi, qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınması, eləcə də Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsində mümkün dəstəyin verilməsi" əksini tapıb.

İlk növbədə qeyd etmək istərdim ki, Fransa Senatı tərəfindən qəbul edilən sənəd heç bir hüquqi qüvvəyə malik deyil. Fransa tərəfindən bu addımın atılmasını isə normal qəbul edək. Ona görə ki, illərdir Azərbaycana qarşı tutduqları mövqe hər birimizə bəllidir. Qətnamədə qeyd olunur ki, Azərbaycan Ermənistan torpaqlarından geri çəkilməlidir. 30 ildir Azərbaycan torpaqlarını nəyin ki işğal edən, hətta qanunsuz şəkildə talan edən, onun sərvətlərini mənimsəyən, vaxtı ilə orada yaşamış 1 milyon insanın bütün hüquqlarını tapdalayan terrorçu erməni hökümətinə güldən ağır söz deməyən Fransadan bundan artıq nə gözləmək olar? Qaz nəqlinə embarqo qoyulması istəyi isə sadəcə absurd və gülməlidir. Son illərdə onsuz da enerji sarıdan əziyyət çəkən Avropanı şam ümidinəmi qoymaq istəyir Fransa?! Qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq istəyinə gəldikdə, möhtərəm prezidentimiz 44 günlük şanlı müharibə dövründə qeyd etdiyi kimi “Əgər ürəkləri çox istəyirsə Marseldə ermənilərə muxtariyyət verə bilərlər”!Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Bu bütün qanun və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətanəmələrdə öz əksini tapmışdır. Azərbaycan suveren dövlətdir və heç bir ölkəyə onun ərazisində qanunsuz addımlar atmasına izn verməyəcək, qarşısını qətiyyətlə alacaq! Buna bizim istər iqtisadi, istər hərbi gücümüz yetərlidir. Fransızlar yaxşısı budur, arxaya boylansınlar və tarixdə etdikləri cinayətlərə görə ən azından utansınlar. Revanşist erməni qüvvələrinə dəstək vermək istəyi iflasa uğrayacaq. Fransa bölgədə sülhün bərqərar olmasını istəsəydi, məsələyə qərəzsiz yanaşaraq hərbi dəstək yox, sabitliyi qorumaq üçün töhfə verərdi.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı