Göygöldə həyat necə dəyişir?

Maraqlı keçmişə, unikal təbii imkanlara malik Göygöl rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Təbiətin geniş çalarlarını özündə əks etdirən bu rayonda turizmlə yanaşı kənd təsərrüfatı, istehsal və digər sahələrdə canlanmanı yerli sakinlərlə yanaşı rayona təşrif buyuran qonaqlar da hiss edir. Prezident İlham Əliyevin Göygölə etdiyi tarixi səfərlər zamanı verilən tapşırıq və tövsiyyələrə uyğun olaraq həyata keçirilən işlərin fonunda bölgənin inkişafında tamamilə yeni bir səhifə açıb. Elvin Paşayevin rayona rəhbərliyi bu inkişafla yanaşı vətəndaş məmnuniyyəti ilə sezilir. Rayonda gördüyü işlər, keçirdiyi qəbullarla yerli sakinlərin rəğbətini qazanan Elvin Paşayev Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən Göygölün və göygöllülərin sabahını düşünür.

Davalı keçirilən qəbullarda vətəndaşların problemləri həll olunur


Təkcə dekabr ayında Elvin Paşayev tərəfindən həyata keçirilən qəbulların statistikasına baxdıqda aydın olur ki, hər bir rayon vətəndaşı öz problemini başçıya asanlıqla deyə bilir, və əvvəlki başçılardan fərqli olaraq Elvin Paşayev ona müraciət edən hər bir vətəndaşın problemini dinləyir, onun həlli istiqamətində iş görür və problemləri həll edir. Dekabr ayının son 10 günündə Çaykənddə, Üçtəpə kəndlərində, Firuzabad qəsəbəsində keçirilən görüşlərdə qaldırılan məsələlər nəzarətə götürülüb.
Çaykənddə keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin ərazisindən keçən Kürəkçay çayının üzərindəki körpünün cari təmiri, məktəbə çəkilmiş içməli su xəttinin bərpası, Çaykənd və Toğanalı kəndlərini birləşdirən yolun təmir olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı

Ölkə rəhbəri cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev növbəti dəfə rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, su probleminin aradan qaldırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdıraraq, aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Qoyunçuluqda yeni mərhələ” adlı elmi-praktiki seminar və “Pirəsora” qoyun cinsinin təqdimatı keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev iştirak ediblər.
Təqdimatda çıxış edən natiqlər qeyd ediblər ki, heyvandarlıqda əsas prioritet istiqamətlərdən biri iribuynuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin seleksiya yolu ilə əldə olunması və yerli cinslərin potensial məhsuldarlığının daha da yaxşılaşdırılmasıdır. Xüsusən, qoyunçuluğun intensiv inkişafı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq-seleksiya işinin müasir texnologiyalar əsasında təşkili ilə bağlı layihəyə başlanılıb. Əsas məqsəd dünya heyvandarlığında səmərəli metodlar kimi qəbul edilmiş süni mayalandırma və süngərləmə üsulunu tətbiq etməklə, qoyunların məhsuldarlığının və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.Həmçinin qeyd olundu ki, Yerli qoyun cinslərindən toxum alınması və onların genbankının yaradılması da nəzərdə tutulur.
Daha sonra çıxış edən “Pirəsora cinsinin yetişdirilməsi üzrə damazlıq reproduktor qoyunçuluq təsərrüfatının” rəhbəri Pənah Hüseynov bildirdi ki, Yeni qoyun cinsinin yaradılması üzərində işlərə ötən əsrin 70-ci illərində Lerik rayon Pirəsora kəndində xalq seleksiyası yolu ilə başlanılıb. 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan qoyun sortu “Pirəsora” adlandırılıb. Yüksək yağ, yun və ətvermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. 100 anaya 130-a yaxın bala vermə potensialı var.
Seminarda AMEA-nın Genetik Etiyyatlar İnstitutunun "Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyyatları" laboratoriyasının müdiri Saleh Məhərrəmov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Elm şöbəsinin müdiri Yasin Gözəlov, Baytarlıq Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Mirzəmməd Həsənov mövzu ətrafında təqdimatlarla çıxış etiblər.
Sonda müəlliflərə şəhadətnamələr təqdim edilib, fermerlərin sualları cavablandırarılıb və “Pirəsora” qoyun cinsinə baxış keçirilib.

Turizmin inkişafı qarşıya qoyulan vəzifədir

Göygöl rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan Skautlar Assosiasiyasının Sədri İlyas İsmayıllı, İdarə heyətinin üzvləri, baş katib, Auditorlar komissiyasının üzvləri iştirak edib.
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qonaqları salamlayaraq, görüşdən məmnunluğunu bildirib və ASA ilə əməkdaşlığın rayonun turizm potensialından səmərəli istifadə istiqamətində vacib addım olduğunu vurğulayıb.
Görüşdə çıxış edən İlyas İsmayıllı skautinqin gənclərin müxtəlif istiqamətlərdə inkişafını təmin edən, həm də uşaq, yeniyetmə və gənclərin kamil vətəndaş kimi formalaşmasına dəstək olan hərəkat olduğunu vurğulayaraq, təmsil etdiyi təşkilatın yerli və beynəlxalq fəaliyyətləri barədə geniş məlumat verib. Tərəflər həmçinin Göygöl rayonunun regionda turizm mərkəzinə çevrilməsinə təkan verəcək Göygöl Beynəlxalq Skaut Mərkəzinin yaradılmasını və bunun perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda İlyas İsmayıllı təmsil etdikləri təşkilatın adından rayon rəhbərinə simvolik olaraq Azərbaycan skautlarının milli boğaz örpəyini təqdim edib. Daha sonra xatirə şəkli çəkilib.
Görülən bu kimi işlərin siyahısını daha da uzun-uzadı yazmaq olar. Və bütün bunlar onu deməyə əsas verir ki. gənc olmasına baxmayaraq hər zaman işinə yüksək diqqət və vətəndaşlara qayğı ilə yanaşan Elvin Paşayev Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq fəaliyyət göstərir. Rayon Ağsaqqalı kimi mən də digər sakinlər kimi Elvin Paşayevin fəaliyyətindən çox razıyam və onu bu yolda uğurlar arzu edirəm. Fürsətdən istifadə edib Elvin Paşayevi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və hər zaman həyata keçirdiyi işlərdə bir ağsaqqal kimi yanında olduğumu diqqətə çatdırıram.

Yusif Xancanov
Göygöl Rayon Ağsaqqalı