Güclü komanda ilə yeni hədəflərə doğru

Ölkəmizin siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30  illiyidir. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdə ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin fonunda yaradılan partiyanın qarşısında bir məqsəd vardı. Ölkəni böhrandan, xaosdan çıxarmaq. 1992-ci ilin oktyabr ayında ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət edərək onun rəhbərliyi ilə yeni partiyanın yaradılmasını təklif etdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürdülər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ümummilli Lider “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məqalə ilə ziyalıların müraciətinə müsbət cavab verdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - deyə, ümummilli lider bildirmişdi. Nəhayət, noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Ulu Öndərin Yeni Azərbaycan Partiyasının sədri seçildikdən sonra ideologiya işlərinə xüsusi diqqət yetirdi. O, azərbaycançılıq konsepsiyasını irəli sürdü, demokratik prinsipləri əsas götürərək partiyanı daha da gücləndirdi. Nəhayət, 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-2003-cü illər partiyanın tarixində olduqca mühüm mərhələ idi. Torpaqları işğal altında olan, müəyyən xarici qüvvələrin məkrli planlarının icra edildiyi bir ölkədə ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etmək, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər görmək həm zəruri idi, həm də çətin. Təbii ki, ümummilli lider Heydər Əliyev siyasi təcrübəsinə, müdrik ağlına və xalqın dəstəyinə arxalanaraq bu işlərin öhdəsindən layiqincə gələ bildi.

Partiyanın inkişafı və sıralarının genişlənməsi Prezident İlham Əliyev əməyi sayəsində daha da gücləndi. 1999-cu il dekabrında Yeni Azərbaycan Partiyasının I Qurultayında o, partiya sədrinin müavini seçilməsi ilə gənclərin YAP-a axınını sürətləndirdi. İlham Əliyev 2001-ci ildə sədrin birinci müavini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ildə isə YAP-ın III Qurultayında partiyanın rəsmi sədri seçilib. Prezident İlham Əliyevin ölkəmizə və Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi ilə həm Azərbaycanın, həm də partiyanın tarixində yeni mərhələ başladı. Bu mərhələ Heydər Əliyev epoxasının İlham Əliyev erası kimi də qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının 30 illiyini “Heydər Əliyev İli” ərəfəsində qeyd edirik. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qüdrəti artdı və beynəlxalq nüfuzu gücləndi. Dünya siyasi arenasında mövqeyimizin güclənməsi, milli həmrəyliyin möhkəmlənməsi bizə 44 günlük Vətən Müharibəsində qələbə qazandırdı. Partiyamız var gücü ilə Vətən Müharibəsində ordumuza dəstək oldu. Üzvlərimiz müharibədə olduqca fəal iştirak etdilər. Bu Zəfər nəticəsində həm ölkəmizin qarşısında, həm də bütövlükdə regionda yeni çağırışlar və reallıqlar yarandı. Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini məhz bu reallıqlar əsasında qurur. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyamızın sədri, dövlətimizin başçısı İlham Əliyev qarşımıza konkret vəzifələr qoydi. Möhtəşəm Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi, Azərbaycanın postkonflikt dönəmində davamlı uğurlar əldə etməsi, dayanıqlı və etibarlı zəminin yaradılması prosesində partiyamız fəal rol oynayır. Partiyamız bütün gücündən istifadə edərək yeni geosiyasi çağırışlardan irəli gələn tələblərin reallaşdırılmasına çalışır, məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın inkişafına mühüm töhfələr verir.

Yeni Azərbaycan Partiyasında yeniləşmə, inkişaf və intibah dövrü bu gün də davam etməkdədir. İndi biz cəmiyyətin bütün sahələrində partiyanın rolunu, xidmətlərini görürük. Partiyamızın 30 illik tarixinə nəzər saldıqda böyük zəhmət, düşünülmüş strategiya, demokratik islahatlar yolu ilə inkişaf və Zəfər görürük. İqtidarda olmasına baxmayaraq, partiyamız müxalifət düşərgəsində olan siyasi təşkilatlarla daim dialoq aparır, onların da güclənməsi, siyasi proseslərdə aktivliklərinin artması üçün konkret təkliflərlə çıxış edir.

Qarşıda Yeni Azərbaycan Partiyasını çətin və şərəfli siyasi mübarizə yolu, yeni reallıqlardan irəli gələn hədəflər gözləyir. Gücünü xalqdan alan bir siyasi partiya üçün aşa bilməyəcəyi maneə yoxdur. Daha güclü komanda ilə yeni hədəflərə doğru inamla irəliləyəcəyimizə heç kəsin şübhəsi olmamalıdır.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı