Hər il 26 iyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün ölkənin hərbi qüdrətinin simvoluna çevrilmiş, Vətənimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətlər göstərən Azərbaycan Ordusuna dərin hörmət və ehtiramın ifadəsidir.
26 iyun tarixi təsadüfən seçilməmişdir. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli ordu – "Azərbaycan Silahlı Qüvvələri" yaradılmışdır. Bu hadisə xalqımızın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Sovetlər Birliyi dövründə milli ordumuzun fəaliyyəti dayandırılsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə Silahlı Qüvvələr yenidən formalaşdırıldı və bu gün öz müasir inkişaf mərhələsindədir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində sistemli və ardıcıl islahatlara başlanıldı. Hərbi kadr hazırlığı, texniki təminat və döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu siyasət bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2020-ci ildə Vətən müharibəsində əldə olunan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha sübut etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük savaş nəticəsində işğal altındakı torpaqlar azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu uğurun əldə olunmasında Silahlı Qüvvələrin şücaəti, yüksək döyüş hazırlığı və xalqın orduya olan sonsuz dəstəyi həlledici rol oynadı.
Hazırda Azərbaycan Silahlı Qüvvələri beynəlxalq standartlara cavab verən, yüksək texnologiyalarla təchiz olunmuş, müasir və çevik bir orduya çevrilmişdir. Ordumuz NATO ilə əməkdaşlıq çərçivəsində beynəlxalq təlimlərdə iştirak edir, sülhməramlı missiyalarda yer alır və regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir.
26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilərin deyil, hər bir vətənsevər Azərbaycan vətəndaşının qürur günüdür. Bu gün biz Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu dəyərləndirir, şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə və xidmət edən əsgərlərimizə təşəkkür edirik. Güclü ordu güclü dövlətin təməlidir və bu əsas üzərində Azərbaycanın sabahı daha da parlaq olacaqdır.
Əminə Ağazadə
Milli Məclisin dəputatı