GÜRCÜSTAN: güvənli qonşu və vəfalı dost

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri oldu. Prezidentin Gürcüstan Baş naziri ilə birgə keçirdiyi mətbuata verdiyi bəyanat səfərin gündəliyini, mehriban qonşuluq və səmimi dostluğumuzun mahiyyətini ifadə etməkdədir. Prezidentin vurğuladığı kimi, ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Artıq Azərbaycan və Gürcüstan mediasında verilən təhlillərdə 24 oktyabr tarixli səfəri, haqlı olaraq, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan kimi şərh edilir. Bəli, bu səfərdə Prezident Əliyevlə Baş nazir Qaribaşvili yalnız Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq məsələlərini deyil, ümumən bölgədə gedən prosesləri, özəlliklə təhlükəsizliklə bağlı önəmli məsələləri müzakirə edib. Yəni Azərbaycan Prezidentinin qonşu ölkəyə səfəri diqqət mərkəzində olan mövzularla yanaşı bir sıra yeni mövzuları da diqqət mərkəzinə gətirib.

Beləliklə, münasibətlərimiz regional önəmə malik olan əməkdaşlıqla qüvvətlənib, genişlənib və özünəxas xarakter qazanıb. Bizim birgə icra olunan bir çox layihəmiz bölgə səviyyəsini də aşaraq, bütövlükdə Avropa üçün xüsusi önəmi ilə seçilir.

Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdən danışarkən dost və qonşu sözü avtomatik olaraq önplana çıxır və təsadüfi deyil ki, biz də yazının ilk cümlələrindən bu müəyyənlikdən istifadə edirik. Dostluq və qonşuluğumuz tarixi ənənələrə söykənir və əməkdaşlıq ruhunu təcalla etdirir: “İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur”.

Tarixi ənənələr varsa, dost və qonşuyuqsa, əlbəttə, bu gözəl əsaslar üzərində yeni imkanlar qazanılmamış deyil – münasibətlər yerində saymır, bir yerdə dayanmır və yeniliklərlə zənginləşir. Məhz belə yanaşmaın nəticəsidir ki, qonşuluq və dostluq günümüzdə daha yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə qalxıb. Bu artıq strateji tərəfdaşlıq əlaqələrindən bir dərəcə daha üstündür. Özü də, söhbət məhdud istiqamətlərdən getmir, öncə strateji tərəfdaşlıq, hazırda müttəfiqlik səviyyəsi tam əksər əməli fəaliyyət sahələrini əhatə edir. Elektroenergetika başda olmaqla, iqtisadi-ticari əlaqələr, yatırım qoyuluşları, etibarlı tranizit, logistika, turizm (bir sözlə, şaxələnmiş iqtisadiyyat) öz ciddi bəhrələrini vermişdir. Bunlardan heç də geridə qalmayan çox önəmli əməkdaşlıq sahəsi beynəlxalq platformalarda bir birimizi davamlı dəstəkləməklə bağlıdır. İkilistandartların tez-tez rast gəlindiyi beynəlxalq aləmdə bir-birini dəstəkləmək, özü də bu dəstəyini davamlı xarakterə gətirmək, əlbəttə, sadə hadisə deyildir. Nəzərə alsaq ki, Gürcüstan bizimlə yanaşı Ermənistanla da həmhüduddur və tarixdə ilk erməni dövləti olan Ermənistan Respublikasının qurulduğu 100-104 il içində gürcüstanla özünəməxsus münasibətlər sistemi içində olub; beləliklə, Gürcüstanın ədalətli mövqeyi, bizimçün həm də bu amilə görə qiymətlidir. Azərbaycanın Gürcüstana dəstəyi heç də bu amildən kiçik olmayan, əksinə daha böyük amillə əlaqələndirilə bilər – Rusiya-Gürcüstan münasibətlərindəki mənzərə hamımıza aydındır və bu fonda, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü həmişə birmənalı şəkildə dəstəkləyib, Gürcüstana iqtisadi-siyasi dəstəyini heç vaxt əskiltməyib.

Azərbaycan Prezidentinin Gürcüstanda vurğuladığı kimi, Ermənistanın Azərbaycan torpaqlarını işğalına son verildikdən sonra vaxt sülhə işləyir, əmin-amanlığa aparır yaxud bu, əslində belə olmalıdır. – Azərbaycan sülhün təməl prinsiplərini beynəlxalq tərəfdaşlara da, Ermənistanın özünə də təqdim edib. Bu, beş təməl prinsip beynəlxalq hüquq normalarına tam uyğun, imtinası sülhdən imtina sayılacaq prinsiplərdir. Azərbaycan-Gürcüstan qonşuluğu bir model olaraq ilk növbədə Ermənistan üçün cazibədar olmalıdır: “Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.

Bir daha ticarət dövriyyəmiz haqqında

Cənab Prezidentin vurğuladığı kimi, dost və qonşu ölkələrimiz ticarət dövriyyəmiz artır və bu bizi sevindirir. Təkcə cari ilin ilk 9 ayında Azərbaycanla Gürcüstanın qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın yatırımları ilə baş tutan iri layihələr Gürcüstan iqtsiadiyyatı üçün müstəsna yerə sahib olub, işbirliyimizin önəmli faktoruna, necə deyərlər, güvənə çevrilib. – “Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.

Bakı ilə Ceyhanı, Qarsı, Ərzurumu birləşdirə çox önəmli beynəlxalq infrastruktur layihələrində Gürcüstan paytaxtdının da adı keçir:

Bakı-Tiflis-Ceyhan (neft) boru xətti;

Bakı-Tiflis-Ərzurum (Qaz) Boru Xətti;

Bakı-Tiflis-Qars dəmir yolu...

Yalnız onu deyək ki, dost və qonşu ölkələrimiz arasında yükdaşımaların həcmi bu il 75% artıb. Bakı-Tiflis-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon t. Çatdırılması fikri və buna dair real imkanlar mövcuddur.

Bir cümlə ilə də olsa vurğulayaq ki, bəli, tranzit ölkə olmaq üçün ilk növbədə qonşularla yaxşı münasibətlərə malik olmalısan. Biz bilirik ki, Azərbaycanın elektorenegetika layihələrində Ermənistan da tranizt ölkə ola bilərdi. Bəs nə üçün olmadı? – Cavab aydındır: əssasız iddiaları, mehriban qonşuluq siyasətinə daban-dabana zidd ağılsız siyasət, işğalçılıq mərəzi və s. buna imkan vermədi. Nəticədə dalana döndü...

Necə deyərlər, yollar Bakıdan başlayır... yollar Tiflisdən keçir... yololar Türkiyəyə götürür...

Bəlli olduğu kimi, Azərbaycan dünya bazarlarına qaz göndərişini artırmaq niyyətində və əzmindədir. – “Bu il 22 milyard m3 ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq”. Bu artımın fonunda, 2023-cü ildə Bakı-Tiflis-Ceyhan (neft) boru xətti ilə ixrac da artırılacaqdır.

Neft, qaz, dəmir yolundan başqa daha bir mühüm layihə isə elektrik enerjisi ilə bağlıdır. – “Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər”.

Sonda onu da vurğulayaq ki, Avrasiyada Xəzər üzərindən Azərbaycandan, Gürcüstan və digər qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük zərurət yaranıb. Ona görə də, Azərbaycanla Gürcüstanın işbirliyi Avropa, Avrasiya, bir çox mənada, dünya üçün önəm daşıyır: “Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər”.

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə PAŞAYEVA