Hər kimi el sevərsə, bülənd olar, ucalar - Bayram Məmmədovdan yeni yazı

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Dağı sevirik. Min illərdən bu yana dağı sevənlər dağdanmı öyrənib qürurlu duruşu? Dağdanmı öyrənib baxışların sirrini? - baxışlarda çırpınan sevgini də duyub, bəd niyyəti də. Sevgilərlə gələnlərə qucaq açıb, bəd niyyətlə gələnlərə daş yumruq qıcayıb. Anam rəhmətlik könlü qübarlananda bir bayatı deyərdi:

...dağ adamı,

Saxlayar yağ adamı.

Sizə qardaş olubdu,

A dağlar, dağ adamı...

Məndə dağa, dağlara, dağlıq yerlərə, dağlıq yerlərdə boya-başa çatanlara sevgi o vaxtlardanmı yaranıb, deyə bilmərəm. Onu bilirəm ki, dağların vüqarını da sevmişəm, dağ vüqarlıları da, dağ havasını da sevmişəm, dağların saflığını da, düşüncələri dağ havasıyla saf olanları da sevmişəm, dağlara sarılan dumanı da, dağdan sıyrılan dəlisov yelləri də...

Dağlara söykənən kəndlərin cavanlarıyla söhbətim həmişə "tutub". Özümdən bir neçə yaş böyüklərlə də gözəl ünsiyyətimiz olub. Bu ünsiyyətin yaradıcısı da dağlar olub; dağları dürüstlük, saflıq, duruluq rəmzi bilmişik.

Seyfəddin Teymur oğlu Qubadlının Tatar kəndində anadan olub. 1952-ci ilin iyun ayının 1-də. Göz açıb gözəllik görüb, gözəlliyə aludə olanları görüb. Dili söz tutandan, ayaqları torpaq tanıyandan bu duruluqla əhatələnib. Nə görüb, dürüst görüb, nə duyub, dürüst duyub. Belə görüm, belə duyum həyatı da gözəlləşdirirmiş; Seyfəddin tanıdığı gözəlliyi könlünə köçürərmiş...

1968-ci ildə orta təhsilini Zəngilanda tamamlayıb.

Ailədə təhsilə, kitaba sevgi görüb. Bu sevgi onda kitablara sevgi formalaşdırıb. Ali təhsil almaq istəyi ilə sənədlərini Kirovabad Pedaqoji İnstitutunun (indiki Gəncə Pedaqoji Universiteti) Riyaziyyat fakültəsinə verib. Qəbul olunub. Tələbə Seyfəddin də "əqlin gimnastikası" adlandırılan bu möcüzəvi elmə bağlanıb; ma-raq sevgi, sevgi vurğunluq deməkdir. O illərdə o da inanıb ki, riyaziyyat bütün elmlərin açarıdır...

1972-ci ildə ali təhsilini tamamlayıb.

Zəngilan şəhər 1 nömrəli səkkiz illik məktəbinin müəllimi idi.

Zamanında öyrənmişdi, indi Zəngilanda öyrədirdi. Həm də sevə-sevə öyrəndiklərini sevə-sevə öyrədirdi...

1973-cü ilin mayında hərbi xidmətə çağırdılar...

Hərbi xidmətdən sonra 1974-cü ilin mayın 29-dan 1980-ci il iyulun 17-dək Zəngilanın Qıraq Müşlan kənd və Zəngilan şəhər 1 nömrəli səkkizillik məktəblərində riyaziyyat müəllimi işlədi. Yox, fikrimi düzgün ifadə edə bilmədim. Seyfəddin müəllim müəllim adının şərəfini duya-duya yaşadı, öyrətdi.

Böyük pedaqoq və yazıçı Abdulla Şaiqin bir kəlamı var: Müəllimin müəllimliyi ilk dərslərdən bilinir. Seyfəddin müəllimin məktəbə, təhsilə, şagird dünyasına sevgisini hamı duyurdu. Hamı Seyfəddin müəllimin pedaqoji ustalığından danışırdı. Onda atasının dediklərini xatırlayırdı: İşlədiyin sahənin kamili deyilsənsə, işləmə, nə özünü aldat, nə də dövləti. Bu fikri şagirdlərinə də aşılayırdı, "Riyaziyyatı da, digər fənləri də qiymət xətrinə oxumayın, öyrənmək üçün oxuyun" deyirdi...

Rayon maarif şöbəsi məktəb rəhbərliyinin təşəbbüsünü dəstəkləyib; o illərdə ali təhsilli mütəxəssisin partiya sıralarına qəbulu olduqca çətin idi. Bu çətinliyi geniş dünyagörüşə malik olanlar, yüksək biliyə, iş qabiliyyətinə malik olanlar, dövlətçiliyə sədaqətlilər dəf edə bilərdi. Təbii ki, müəyyən təşkilatların zəmanəti ilə. O zəmanəti də yenə mütəxəssisin özü qazanırdı. Seyfəddin müəllim savadlı müəllim idi, zamanında bədii ədəbiyyata meyli, marağı onun nitq qabiliyyətini formalaşdırmışdı, hadisələrə analitik münasibət göstərə bilirdi, milli dəyərlərimizin yaşadılması cəfakeşlərindən idi. Bu kimi xüsusiyyətlərini nəzərə alıb onu partiya sıralarına qəbul etdilər. Belə bir etimad o dövr üçün inanılmaz idi...

Belə etimadlar sabahlar üçün nəzərdə tutulur, yəni ali təhsilli mütəxəssisin partiya sıralarına qəbul edilməsi onun yaxın vaxtlarda hansı vəzifəyəsə təyin edilməsi  ilə nəticələnir...

Seyfəddin müəllim 1980-ci il iyunun 17-də Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsinə irəli  çəkildi. Digər fərdi keyfiyyətlərilə bir sırada həm də siyasi səbatlılığına görə...

İşə münasibəti də, tapşırılan işin yerinə yetirilmə müddəti də, nəticənin faktlarla (və məntiqli mülahizələrlə) əsaslandırılması da onun necə kadr olduğunun bələdçisi idi. Bu vəzifədə islədiyi səkkiz il ərzində rayon ictimaiyyətinin dərin hörmət və ehtiramını qazanıb.

Ata-ananı bütün övladlar sevir...

Ata-ana övladlarının hamısını sevir. Ancaq dədə-babadan sonbeşik oğulla yaşayırlar. Bu da xalq hikmətidir. Seyfəddin ata-anasıyla yaşayırdı. Bu, onun xarakterinin gözəlləşməsində xeyli dərəcədə gərəkli olmuşdu; ata ocağı termini var və bu ocağın müqəddəsliyini ömrü ata-ana öyüd-nəsihətlərini yaşamına üzərlik bilənlər məsuliyyətlə qoruya bilər. Seyfəddin bu mənəvi borcu ata adına, nəsil adına, şəcərə adına layiq səviyyədə yerinə yetirirdi...

O illərdə partiyanın siyasi xətti partiya işçiləri qarşısında bir təhsil tələbi qoyurdu: partiya işçisi ya sənaye, ya da kənd təsərrüfatı sahəsi üzrə ali təhsil almalı idi. Niyə belə tələb olunurdu? - sovet ideologiyası idarəetməni belə tənzimləyirdi. Onda Seyfəddin Teymur oğlu  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsində qiyabi təhsil aldı. 1992-ci ildə  həmin institutu hidrotexnika-mühəndisi ixtisası üzrə  bitirdi.

Keçən əsrin  sonlarında, konkret olaraq 1988-ci ildə Zəngilan rayon  Əhaliyə Məişət  Xidməti  İstehsalat İdarəsində çətin vəziyyət yaranmışdı. Bu çətinlik istehsalla da bağlı idi, idarəetmə ilə də. Hansı hansı üçün səbəb olmuşdu? -  idarəetmədə yol verilən nöqsanlar istehsala ciddi təsir göstərirdi. Sovet ideologiyası, sovet rejimi belə vəziyyətin davamlı olmasına imkan verməzdi. Belə bir xəziyyətdə kadrın çox şeyi arzulanan səviyyədə həll  edəcəyinə əminlik üçün vəzifəyə kimin daha layiqli namizəd olması haqqında çox qapalı bir dairədə həmin namizədlər haqqında rəy-zəmanətlər toplanırdı. Belə zəmanətlərin ən etibarlısı partiya təşkilatının verdiyi zəmanət olurdu.

Əhaliyə Məişət  Xidməti  İstehsalat İdarəsinə rəhbərlik Seyfəddin Teymur oğluna etibar edildi. O, "Nədən başlamalı?" sualı ətrafında çox düşünüb-daşınıb: Hesabında pul vəsaiti olmayan idarəni hansı yollarla, hansı vasitələrlə, hansı mövcud iş metodlarını təkmilləsdirməklə vəziyyətdən çıxarmaq olar? İdarənin çox yüksək rəqəmlərlə ifadə edilən borcunu necə ödəmək mümkündür? Bu suallar fəaliyyətin istiqamətini müəyyənləşdirib.

Seyfəddin Paşayev kadrlarla işin təşkilində inam, etibar amilinə də söykəndi, tələb ciddiliyinə də. Yəni bu və ya digər tapşırığın kimə verilməsini də düzgün müəyyənləşdirirdi, o tapşırığın hansı söz tərkibləri ilə verilməsini də. Bir psixoloji məqama da diqqət yetirirdi: tapşırıq hansı səs tonu ilə verilirdisə, nəticə də həmin səs tonu ilə tələb olunurdu. "Ən yaxın, ən etibarlı məsləhətçim atamdan sonra anamın, qardaşlarımın məsləhətləri olub. O məsləhətlər ümumi məsləhətlər kimi illərlə eşitdiklərim idi. Bir dəfə anama dedim ki, sizin məsləhətlərinizi ömrümə Dədə Qorqud öyüdləri bilirəm. Onda anamın əli çiynimə enmişdi...".

Əhaliyə Məişət  Xidməti  İstehsalat İdarəsində vəziyyətin getdikcə düzəlməsi, idarənin borcları ödəməsi rayon rəhbərliyinin də, ictimaiyyətin də diqqətindən yayınmamışdı. Ona zəmanət verən təşkilat da, bu zəmanətə inananlar da, bu zəmanətin reallaşması üçün qərar qəbul edilməsinə nail olanlar da, qərar qəbul edənlər də razılıqla gülümsünüb yəqin, gümanındayam...

Dağları, dağa söykənən torpaqları sevməmək mümkünmü?

Seyfəddin Teymur oğlu dağları sevirdi, torpağı sevirdi. O da ömür payını Vətən üçün yaşayanlardan biri idi. Ermənistanın Azərbaycandan torpaq iddiası səbəbindən başladığı elan edilməyən müharibəyə zəngilanlılar da səfərbər edilmişdi. Əli silah tutan hər zəngilanlı bir əsgəriydi; müharibə hamını əsgərləşdirmişdi. Vəzifəsindən asılı olmayaraq. Rayonun rəhbər işçiləri də, idarə rəhbərləri də, müəllimlər də, fəhlələr də. Ona görə Zəngilan qətiyyətlə müdafiə olunurdu.

Seyfəddin Paşayev də Zəngilanı müdafiə edənlərin sırasındaydı...

Döyüşlər genişləndiyi vaxtlarda idarənin ümumi yığıncağında mövcud vəziyyət haqqında danışmışdı. "Sizinlə İdarənin rəhbəri kimi deyil, eloğlu kimi danışmaq istəyirəm. Dədə-babadan torpaq sevilib, sevilən torpaq qorunub. Dədə Qorqud da deyirdi ki, torpağı qorumadınsa əkib-becərməyə dəyməz. Biz də bu müharibənin iştirakçısı olmalıyıq. Qələbədən sonra özümüzə verdiyimiz suala cavab tapa bilmək üçün: Mən müharibədə nə etdim?".

Seyfəddin Paşayevin özü də müharibə iştirakçısı oldu, İdarənin onlarla işçisi də...

Döyüşə-döyüşə müdafiə olunan Zəngilan döyüşə-döyüşə işğal olundu; qaçqınlıq həyatı başladı Zəngilanın.

Zəngilan Əhaliyə Məişət  Xidməti  İsehsalat İdarəsi Bakıda məskunlaşdı. İdarənin respublika boyunca məskunlaşan şöbə və bölmələrini sistem halına gətirmək, onların fəaliyyətini koordinasiya etmək asan olmadı. Ancaq mümkün oldu. Seyfəddin Paşayev bu çətin işin öhdəsindən optimal müddətdə gəldi. Az sonra İdarənin fəaliyyəti normallaşdı. Normallaşdırma prosesinin çətinlikləri də vardı: doğma ocağından qaçqın düşənlərlə iş haqqında söhbət, bu söhbətin mahiyyətinin də vətənsevərliklə əlaqələndirilməsi, qaçqınlığın uzun çəkməyəcəyinə inandırma mühüm əhəmiyyətə malik olardı. Seyfəddin Teymur oğlu bunu məharətlə, duyğu-düşüncə vəhdətinə istinad etməklə bacardı, İdarənin fəaliyyəti bərpa edildi. Bu prosesin bu səviyyədə yerinə yetirilməsi  rayonun rəhbərliyini də razı saldı, işçiləri də...

Yaxşı iş, dövlətə, dövlətçiliyə gərəkli iş həmişə diqqətçəkən olur, həmişə qiymətləndirilir. Bu tezis rayon qaçqın həyatı yaşayanda da yaşadılıb. Seyfəddin Paşayev 1996-cı ilin mayında Zəngilan rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib. Yeni təyinat, yeni məsuliyyətlər...

Seyfəddin Teymur oğlu Əhaliyə Məişət  Xidməti  İsehsalat İdarəsinin timsalında rayonun idarə və müəssisələrinin də fəaliyyətinin tənzimlənməsi istiqamətində mühüm işlər görülməsinə nail oldu. Seyfəddin Teymur oğlu buna təkcə vəzifə borclarını məsuliyyətlə yerinə yetirməklə nail olmamışdı, həm də vətəndaşlıq duyğularıyla nail olmuşdu. Zəngilanın idarə və müəssisələri normal fəaliyyətini davam etdirirdi. Kaş dönüşümüz tezləşəydi düşüncəsiylə, istəyiylə, niyyətiylə...

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Seyfəddin Teymur oğlu Paşayev Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Bu təltif ona dövlət tərəfindən dövlətçiliyə, dövlətə xidmətinə verilən təltifdir. Tanıdığı, rəhbərlik etdiyi idarələrdə, müəssisələrdə işləmiş insanların xoş xatirələri də ona gözəl təltifdir. Bu təltiflər onun ömür fəlsəfəsinin qibtəedilənliyi kimi dərk olunur...

2017-cı il  iyunun 1-nə kimi  Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib. Burda da ata öyüd-nəsihətlərinə, qardaş tövsiyələrinə və illərlə qazandığı təcrübəyə istinad etməklə işləyib...

Unutmadığım bir deyim düşür yadıma: Hər kimi el sevərsə, bülənd olar, ucalar.  Dövlət qulluğu müşaviri  kimi təqaüddə olan Seyfəddin Teymur oğlu bu gün də zəngilanlıların inandığı və ehtiram bəslədiyi dəyərli ziyalı, elin-obanın məsləhət aldığı  insandır...