"Heydər Əliyev İli” ilə əlaqədar məcburi köçkünlərə hüquqi yardım göstərilib

“Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin Qaradağ rayonundakı Qobu Park-2 yaşayış kompleksində məcburi köçkünlər üçün pulsuz hüquqi yardım aksiyası keçirilib.

Sabahinfo.az xəbər verir ki, məcburi köçkünlərlə görüşdə Prezident İlham Əliyevin bu kateqoriyadan olan  vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə  xüsusi diqqət göstərdiyi bir daha xatırladılıb.

Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini vəzifəsini icra edən hüquq sektorunun müdiri Mirhüseyin Hüseynov, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun müdiri Əmrulla Əlizadə çıxış edərək, ölkəmizdə məcburi köçkünlərin dövlət tərəfindən hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsinin təmin olunması, Böyük Qayıdışa hazırlanması, bu zaman qarşıya çıxan hüquqi məsələlərin həlli və s. barədə fikirlərini bildiriblər.

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı qeyd edilib. Məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat verilib.

Dövlət Komitəsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında imzalanmış memoranduma əsasən, bu qurumun mənsubları məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə və ödənişsiz hüquqi yardım almasına  töhfə verirlər.

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 50 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilib, müraciətləri dinlənilərək aidiyyəti qurumlara sorğularının ünvanlanacağına dair məlumat verilib.

Qeyd edək ki, məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməsi respublikamızın digər ərazilərində də təşkil olunacaq.