Hicran Hüseynovadan önəmli təkliflər

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin icasında çıxış edib və bir sıra məsələlərə toxunub,
Komitə sədri bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20 - ci maddəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020 -ci il üzrə fəaliyyəti haqqında Məlumatını Milli Məclisə təqdim etmişdir: "Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 24 dekabr 2021-ci il tarixli iclasında baxılmış və Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. İllik Məlumat 52 səhifədən, Giriş və 4 hissədən - Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri, Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri, Gender bərabərliyinin sahələr üzrə təmin edilməsi, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilməsi zəruri olan tədbirlərdən ibarətdir. Hazırlanmış Məlumat bütövlükdə Azərbaycan dövlətinin gender bərabərliyi istiqaməti üzrə həyata keçirdiyi siyasətin yerinə yetirildiyini təsdiqləyir. Onu da bildirim ki, Dövlət Komitəsinin Məlumatı parlament üzvlərinə paylanılmışdır. Sənəd qənaətbəxşdir. Mən ilk növbədə Bahar xanıma, onun kollektivinə belə sanballı bir sənəd hazırladıqları üçün təşəkkür edirəm. Mövcud pandemiya və müharibə və post müharibə şəraitinə baxmayaraq Komitə bir sıra yeni layihələr həyata keçirmiş, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində mühüm sənədlər hazırlamışdır. Təqdim olunan Məlumatda bunu aydın  şəkildə görürük. Artıq bütün dünyada qəbul edilir ki, qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil. Bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür: iqtisadiyyatın bütün sahələrində qadınların iqtisadi fəallığının artırılması, onların idarəetmə və qərarların qəbulu proseslərinə cəlb edilməsi, özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması – bu, sabit, bərabər cəmiyyət və davamlı iqtisadi artımı təmin edən təməl prinsiplərdir. Dünyanın bir çox ölkələrində həm yerli, həm beynəlxalq səviyyədə keçirilən Konfrans və Forumlar, Zirvə görüşləri bu sahədə qlobal təşəbbüsləri daha da artırır. Cari ilin oktyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumu da bu qəbildən idi. Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti plenar iclasda və ayrı-ayrı sessiyalarda iştirak edərək Azərbaycan qadınlarının əldə etdiyi uğurlar və dünya qadın hərəkatına verdiyi töhfələr, Azərbaycan təcrübəsi haqqında ətraflı məruzə və təqdimatlar etdilər. Edilən çağırışlar bir daha təsdiq etdi ki, gender bərabərliyinin təmin olunması üçün iqtisadi resurslara, texnologiya və maliyyə xidmətlərinə, məşğulluq, təhsil üçün imkanlara təhlükəsiz və bərabər çıxış imkanları yaradılmalıdır.  Bununla bağlı qeyd etmək istərdim ki,  ölkədə gender bərabərliyinin təmin olunması Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Hələ bir çox Avropa və MDB ölkələrində gender bərabərliyi haqqında heç bir hüquqi-normativ sənəd olmayanda, 15 il bundan əvvəl Azərbaycanda “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi. 2010-cu ildə “Məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı” Qanun qəbul edildi. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Qəbul olunan bütün dövlət proqramlarında qadın hüquqlarının qorunması, onların məşğulluğu, məişət zorakılığı hallarının qarşısının aradan qaldırılması ilə bağlı tədbirlər hər zaman nəzərə alınır. Ötən il gərgin və çox əlamətdar tarixi hadisələr yaşadıq. Xüsusilə, Vətən Müharibəsində qazandığımız Qələbə, davam edən pandemiya və daha sonra post müharibə dövrünün yaratdığı çətinliklərə baxmayaraq, ölkə başçısı və hökumət tərəfindən gender bərabərliyinin təmin edilməsi sahəsində bir çox mühüm hüquqi sənədlər təsdiq olundu. “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” və “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” gender əsaslı zorakılığın qarşısının alnmasında mübarizənin daha da gücləndirilməsində yeni imkanlar yaratdı. Milli Məclisə təqdim olunan Məlumatda gender bərabərliyi sahəsində dövlətin həyata keçirdiyi siyasət, qəbul olunmuş Qanun və onun ayrı-ayrı maddələri üzrə əldə olunan nailiyyətlər, qarşıda dayanan vəzifələr və perspektivlər öz əksini tapmışdır". 

H.Hüseynova bir sıra təkliflərlə çıxış edib: "Ölkə rəhbəri tərəfindən “Gələcəyə Baxış-2020 İnkişaf Konsepsiyası”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, 2019-2030-cu illər üzrə Məşğulluq Strategiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı təsdiq edilmişdir. Bu sənədlərdə qadın məşğulluğunun artırılması, qadınlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, kənd yerlərində qadınların peşə hazırlığının gücləndirilməsi, startapların genişləndirilməsi, uşaq bağçalarının sayının artırılması üzrə tədbirlər nəzərdə tutulmuşdur. Qeyd edim ki, qadınların aktiv sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul ola bilməməsi səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. 1-5 yaşlı uşaqların cəmi 20,1%-i uşaq bağçası ilə əhatə olunub. Doğrudur, bu göstərici əvvəlki illərlə müqayisədə artmışdır və bu sahədə işlər davam edir. Bu bir çox ölkələrin, o cümlədən də inkişaf etmiş ölkələrin qarşısında dayanan problemdir. Qadınlar arasında işsizliyin səviyyəsi 8,4%, kişilərin arasında isə 6% təşkil edir. Lakin həm yerli həm də beynəlxalq hesabatlar növbəti illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyini bildirirlər. Əlbəttə ki, Azərbaycanda iqtisadi imkanların artması sahəsində atılan addımlar, ilk növbədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən bərpası və qurulması, bölgədə açılacaq kommunikasiya və loqistika layihələri, eləcə də kiçik və orta biznesin inkişafı, yeni müəssisələrin açılması işsizlik səviyyəsini getdikcə azalacaqdır. Cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bu əməlin törədilməsinə görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Əfsuslar olsun ki, neçə illərdir, ayrı-seçkiliyin, gender stereotiplərinin aradan qaldırılması, erkən nikah, təhsildən yayınma, məişət və gender əsaslı zorakılıq halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, bu işlərin daha da gücləndirilməsinə ehtiyac vardır. Təqdim olunan Məlumatda da bu fikir öz əksini tapır. Vaxtı ilə, biz doğulan uşaq arasında cins nisbətinin pozulması məsələsini qaldıranda, cəmiyyət buna bir mənalı yanaşmırdı. Lakin dövlət bu məsələnin əhəmiyyətini nəzərə alaraq 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqrama əsasən selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, bu gün də bu məsələ aktualdır, ən mühüm gender bərabərsizliyi kimi qeyd olunur. Məişət zorakılığı ilə bağlı demək istərdim ki,2020-ci ildə məişət zorakılığı zəminində 41 qadın həlak olub. Bu əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı otuz dörd tam onda bir faiz artıb. Bu ildə də göstəricilər heç də az deyil. Məişət zorakılığı zəminində öldürülən qadınların sayının artması, bu qəddar cinayətlərin uşaqların gözü qarşısında baş verməsi və eələcə də digər neqativ halların artması bir daha göstərir ki, bu sahədə görülən işlərin daha da gücləndirilməsini tələb edir. Digər tərəfdən isə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Və qeyd edim ki, rəhbərlik etdiyim Komitə tərəfindən bununla bağlı təkliflər hazırlanıb və Milli Məclisin rəhbərliyinə təqdim etmişik.  Digər bir məsələ isə bəzi Dövlət Proqramlarının və hüquqi aktların vaxtı artıq bitmək üzrədir. Lakin burada nəzərdə tutulan məsələlər hələ də öz aktuallığını saxlamaqdadır. Yaxşı olardı ki, bununla bağlı yeni sənədlər qəbul edilsin. Əlbəttə ki, biz də bu sənədlərin qəbul olunması istiqamətində Komitəni dəstəkləyəcəyik".  
H.Hüseynova onu da bildirib ki, məlumatda gender bərabərliyinin təmin edilməsi, bu  sahədə mövcud boşluqların aradan qaldırılması məqsədilə Dövlət Komitəsi çox mühüm tədbirlər həyata keçirib: "Eyni zamanda, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanununun icra mexanizmlərinin təkmilləşdirilməsi, müvafiq Milli Fəaliyyət Planlarının qəbul edilməsi, aparılan işlərin daha da gücləndirilməsi və digər təkliflər öz əksini tapmışdır. Biz bu təkliflərlə razıyıq və dəstəkləyirik. Qeyd olunanların nəzərə alınması xahiş olunur. İllik Məlumat deputat həmkarlarıma paylanılmışdır, tanışdırlar. Xahiş edirəm ki, İllik Məlumat layihəsinə səs verəsiniz".