Hikmət Hacıyev Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Sabahinfo.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

H.Hacıyev yazıb ki, həmin hadisə müharibə cinayətidir:

“2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər, Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhərinin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan çox çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.