Həssas qruplardan olan insanların sosial təminat hüquqlarının müdafiəsi ilə bağlı təlim keçirilib

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi 22-23 iyun 2023-cü il tarixlərində yerli vətəndaş cəmiyyəti fəalları və paraleqallar üçün həssas insanların sosial təminat hüquqlarının təşviqi və müdafiəsi üzrə bacarıqların artırılması təlimlərini keçirib. 

BMT İHAK-ın Resurs Mərkəzində keçirilən təlimə Gəncə, Bərdə, Şəmkir, Qəbələ və Zaqatala bölgələrindən 10 iştirakçı qatılıb. İştirakçılar həssas insanlara şamil olunan sosial müdafiə proqramlarının xüsusiyyətləri, o cümlədən ünvanlı dövlət sosial yardıma müraciət qaydaları, əlilliyi olan şəxslərin hüquqları və əlilliyin təyin edilməsi üçün müraciət qaydaları, işsizlərin hüquqları və işsiz kimi qeydiyyat üçün müraciət prosedurları üzrə bilik və praktik bacarıqlarını inkişaf etdiriblər. Onlar həmçinin sadalanan xidmətlər və proqramlar üzrə şikayət mexanizmləri, hüquqların inzibati və məhkəmə qaydasında müdafiəsi  ilə bağlı təcrübələrlə tanış olublar. 

Təlim İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nin icra etdiyi ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədlərindən biri də bölgələrdə aztəminatlı ailələr, əlilliyi olan şəxslər, qadınlar və digər həssas vəziyyətdə olan şəxslərin sosial müdafiə proqramları ilə bağlı məlumatlara və hüquqi yardıma çatımlılığının artırılmasıdır. Bu təlimin iştirakçıları da növbəti mərhələdə yaşadıqları bölgələrdə qeyd edilən qruplardan olan şəxslər üçün məlumat sessiyalarının təşkilində və pulsuz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər. 

Vətəndaş cəmiyyəti fəalları üçün nəzərdə tutulan növbəti təlimdə isə iştirakçılar sosial müdafiə hüquqlarının qorunmasında BMT-nin insan hüquqları mexanizmlərindən istifadə imkanları və şikayət prosedurları ilə tanış ediləcək.  

Qeyd edək ki, bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” proqramı çərçivəsində dəstəklənən layihələrdən biridir.