İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu

1990-cı ilin əvvəllərində Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra kifayət qədər gərgin bir vəziyyətlə qarşılaşdı. Bir tərəfdən SSRİ-nin süquta uğraması ilə iqtisadi, siyasi, mədəni və s. münasibətlərin qırılması, digər bir tərəfdən isə yeni müstəqillik çağırışlarına tam cavab verməyən kadr potensialının mövcudluğu, ölkəmizin təbii sərvətlərindən əldə olunan maliyyə resurslarının milliləşdirilməməsi kimi proseslər Azərbaycan xalqının vəziyyətini çətinləşdirdi. 

Eyni zamanda Azərbaycanın ərazilərinə qonşu dövlətlər tərəfindən göz dikilməsi, eləcə də bölgədə özbaşına fəaliyyət göstərən hərbi birləşmələrin apardığı əməliyyatlar ərazilərimizin itirilməsinə və çoxmilli insanların öz dədə-baba yurdlarından didərgin düşməsinə gətirib çıxardı. Bu – Azəbaycanın müstəqilliyinin gələcək inkişafını sual altına qoyurdu.
Bu məqamda haqlı olaraq qədirbilən Azərbaycan xalqı həmin ağır vəziyyətdən çıxmağın yollarını müzakirə edərək müdrik siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edərək onun təcrübəsinə yiyələnməyin zəruri olduğunu qeyd etdi.

Nəhayət 1993-cü ildə Azərbaycanın o vaxtkı hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri, Ulu Öndər Heydər Əliyev Bakı şəhərinə dəvət etdi. Həmin dəvəti qəbul edərkən Ümumilli Lider Azərbaycan xalqını tək qoymayacağını və ölkənin tuğyan edən xaosdan çıxması üçün əlindən gələni edəcəyini söz vermişdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi, 15 iyun 1993-cü ildə Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Daha sonra 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə Zəfərə gedən yolun ilk pilləsi oldu. 

Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Həmin gün, 30 il bundan öncə müdrik xalqımız səsinin 98.80 faizini düzgün istifadə etdi, ölkədə sabitliyin qorunmasına verdi və öz seçimi ilə bu günki qudrətli, müstəqil Azərbaycan Respublikasının təməli qoyuldu.

1993-cü ilin 10 oktyabr tarixində Ulu Öndər dövlətə və xalqa sədaqət andı içərək Prezident səlahiyyətlərinin icrasına başladı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Və Heydər Əliyev öz andına, sözünə daim sadiq qaldığını nəinki bütün Azərbaycan xalqına, həmçinin bütün dünyaya nümayiş etdirdi.

Ümummilli Lider dövlət başçısı seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. 

İlk dəfə Ümummilli Lider tərəfindən dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, ölkənin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərin potensialına müraciət edərək, Ulu Öndər onları Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu, 1994-cü ildə dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı və Azərbaycan nefti dünya bazarına çıxarıldı.

Nümayiş olunan düzgün və ardıcıl dövlət idarəçiliyi öz nəticəsini verməyə başladı, 2003-cü ildən sonra isə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə inkişaf etdirildi. Məhz həmin vaxtdan başlayaraq keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Bu gün Azərbaycan xalqı “Heydər Əliyev İli”ni böyük fəxarət, qürur hissi ilə, eyni zamanda istər döyüş meydanında, istərsə də beynəlxalq arenada əldə olunan qələbələrlə qeyd edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı