İlin sonuna qədər AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma təqdim ediləcək

Qazaxıstan hökuməti Aktau aeroportu yaxınlığında "Azerbaijan Airlines"a (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma haqqında məlumatı 2025-ci ilin sonuna qədər təqdim edəcək.

Sabahinfo.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə bildirib.

Onun sözlərinə görə, ilkin nəticələr faciədən üç ay sonra təqdim edilib, lakin ekspertizalar davam edir: "Araşdırma davam edir. Hazırda daha dərin iş, mürəkkəb ekspertizalar aparılır".

M.Kaliakparov vurğulayıb ki, məsələ son dərəcə ciddidir və hazırda araşdırmanın başa çatma tarixini dəqiq söyləmək mümkün deyil: "Hazırda müəyyən bir müddətə zəmanət verə bilmərəm, amma məlumatı bu ilin sonuna qədər təqdim edəcəyik".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.