İnsani keyfiyyətlərin təntənəsi –Qurban Bayramı

“Hər bir xalqın ən qiymətli sərvəti onun tarixinin süzgəcindən keçmiş milli-mənəvi dəyərləridir. O dəyərlər ki, xalqın mədəniyyətinin, milli xüsusiyyətinin formalaşmasında mühüm rol oynayır və cəmiyyətin qarşılaşdığı maneələr qarşısında daha güclü olmasına gətirib çıxarır. Eyni zamanda, toplumu meydana gətirən fərdlər arasında milli həmrəylik və birlik ruhunun yaranmasına kömək edir. Milli-mənəvi dəyərləri ictimai dəyərlər də adlandırmaq mümkündür. Çünki ictimai dəyərlər müəyyən bir cəmiyyətdə mövcud olan, tarixin dərinliklərindən gələn və xalqın qəbul etdiyi ortaq dəyərlərdir. Bu dəyərlərin təməlində isə tarix, dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dayanır”. Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, demək olar ki, bu keyfiyyətlər müxtəlif formalarda bütün xalqlarda mövcuddur: “Lakin biz azərbaycanlıları əksər xalqlardan fərqləndirən, özünəməxsus edən digər mədəniyyətlərə hörmətlə yanaşmaq, dözümlü, sülhpərvər, həmrəy olmaq düşüncəsini bütün varlığımızla mənimsəməklə yanaşı, dünyada sülhün və rifahın təmini naminə onun ideyalarının təbliğini həyat fəlsəfəmizə çevirməyimiz və harmonik formada öz həyatımızda tətbiq etməyimizdir. Şübhəsiz, bəşəriyyətin ehtiyac duyduğu bu gözəl dəyərlərin ruhumuza, qanımıza hopmasında yaşadığımız ərazinin Şərqlə Qərb arasında həm mədəni, həm də coğrafi baxımdan körpü rolu oynamasının, xalqımızın İslam dinini düzgün anlamasının və onun humanist dəyərlərini mənimsəməsinin böyük rolu vardır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşaya bilmiş və heç zaman dini-etnik zəmində münaqişə baş verməmişdir. Bütün bunlar bir daha sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlamışlar. Bu günlərdə xalqımız İslam aləminin müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramını qeyd edir. Bütün səmavi dinlərin əziz tutduğu Həzrəti İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlığı təlqin edir. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurban kəsmək və onu paylaşmaq sosial bərabərliyə ən gözəl nümunələrdən biridir.

Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir”.

Deputat qeyd edib ki, bu bayram müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də Qurban bayramında özünü göstərir. Bayram insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz birliyimiz, həmrəyliyimiz də xalqımıza öz Böyük Qələbəsinin qazanılmasını təmin etdi. Qurban Bayramınız mübarək!”