İranın bu hərkəti bölgədə əlavə gərginlik mənbəyi yaratmağa xidmət edir

“Azərbaycanın 44 günülük Vətən müharibəsi nəticəsində əldə etdiyi qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilməyən güclər və ölkələr də gec-tez qəbul edib, bununla hesablaşmalı olacaqlar.  Bunun alternativi yoxdur.   Lakin İranın son vaxtlarda Azərbaycanın bölgədə dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və dinamik inkişaf istiqamətində həyata keçridiyi siyasətə qarşı çıxması qəbuledilməzdir. İranın bu hərkəti bölgədə əlavə gərginlik mənbəyi yaratmağa xidmət edir. Odur ki, ölkə başçısının da bəyan etdiyi kimi kimsə hesab edir ki, əvvəlki məcraya dönəcək, səhv edir. Ona görə də  İran son günlərdə bölgədə əlavə gərginlik mənbəyi yaratmaqdansa,  yeni reallığın tələblərinə uyğun olaraq dayanıqlı sülhü, sabitliyi və inkişafı təmin edən əməkdaşlıq format istiqamətində səylər göstərsələr yaxşı olardı. Nəinki, Ermənistanın havadarı kimi çıxış etmək”.

 Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə,  cənab Prezident iki ölkə arasındakı münasibətlərə, o cümlədən bölgənin gələcəyi ilə bağlı qətiyyətli mövqeyini ortaya qoyaraq  bəyan edib. “Cənab Prezident bəyan edib ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar və bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq. Bunu hər kəs bilməlidir. Amma bəziləri bundan narahatdır. Çünki yürütdükləri yanlış siyasət nəticəsində özlərini  bölgədə reall.acaq gələcək proseslərdən kənarda qoydular”- deputat qeyd edib.

 O əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan bölgədə dayanıqlı sabitlik və inkişaf naminə bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır: “Bu istiqamətdə Rusiya, Türkiyə ilə birgə ciddi addımlar atılır. Ermənistanla nəzərəçarpacaq dərəcədə olmasa da,   işlər gedir. Ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə işlər aktivləşəcək. Çünki bölgədə sabitliyin və sıx əməkdaşlığın yaranması, kommunikasiyaların açılması  ilk növbədə uzun illər boyunca blokada şəraitinda yaşayan və böhranla üzləşən Ermənistanın maraqlarına uyğun gəlir. Ölkə başçısı da Ermənistanla sülhün təmin olunması üçün əlaqələrin qurulmasında maraqlı olduğunu bəyan edib. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısı rolunda çıxış edir.

Azərbaycan qalib ölkə olduğundan razılığı olmadan  bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz və bunu hər kəs bilməlidir. İran bu əməkdaşlıqdan faydalanmaq istəyirsə, prosesə qoşula bilər. Çünki bölgədəki  reallaşacaq əməkdaşlıq  platforması bu ölkənin milli maraqları baxımdan uyğundur.

Onun bu əməkdaşlığa qarşı çıxması isə heç bir nəticə verməyəcək. Biz bunu İran XİN başçısının Moskvaya səfərinin yekunu zamanı bir daha şahidi olduq. Rusiya XİN başçısı Sergey Lavrov Türkiyənin Cənubi Qafqaz bölgəsində “3+3 platforması” çərçivəsindəki təşəbbüsü dəstəklədiyini bəyan etdi. O eyni zamanda İranın Azərbaycan sərhəddində keçirdiyi hərbi təlimlərdən də narahatçılığını dilə gətirdi. Bu bir daha göstərir ki, İranın bölgədə gərginliyin yaradılmasına xidmət edən təxribat xarakterli hərəkətləri  heç bir ölkə tərəfindən dəstək qazanmır. Əksinə İranın bu hərəkətləri Rusiyanın da qıcığına səbəb olub. Sadəcə bu məsələ diplomatik yolla Tehranın diqqətinə çatdırılıb. İran bu hərəkətləri ilə özünü regional əməkdaşlıqdan  kənarda qoyur. Necə deyərlər proseslərə düzgün qiymət verməməsi nəticəsində təklənmiş vəziyyətə düşür. Hansı ki, İranın  Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığa uyğun olan əməkdaşlıq formatında aktiv iştirakı bu gün Tehranın üzləşdiyi beynəlxalq sanksiyaların və təzyiqlərin təsirini azaltmağa imkan verərdi. İranın özünün regional əməkdaşlıq formatlarından kənarda qoyması nəticə etibarı ilə istər-istəməz daxili ictimai-siyasi proseslərdə özünü biruzə verir və daxili narazılıq dalğasının qalxmasına şərait yardır. Bu da İrana yaxşı heç nə vəd etmədyindən, yaranmış durumdan özü üçün ciddi nəticə çıxarmalıdır. 

İran bu metodlarla Azərbaycanın  nə daxili işlərinə,  nə yürütdüyü müstəqil siyasətə təsir edə bilməyəcək. İran bilməlidir ki,  Azərbaycanla bu dildə danışmaq ona ziyandan başqa heç bir faydası olmayacaq”.