İsmayıllıda tədbir

“8 Noyabr-Zəfər Günü” ərəfəsində 03 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “İrəli” İctimai Birliyinin və Azərbaycan Gənclər Fondunun birgə dəstəyi ilə hazırlanan “Müzəffər Əsgərimiz” layihəsi əsasında şəhid Fərid Əliyevə və Orxan Lətifliyə həsr olunmuş qısametrajlı filmlərə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baxış keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsində Qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etmək olub.

Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, Azərbaycan Azad Təhsil İşçiləri Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, şəhid Fərid Əliyevin, Orxan Lətiflinin valideynləri, İsmayıllı şəhər 6 saylı tam orta məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.

İlk öncə tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını Vətən yolunda fəda edən igid oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları tərəfindən filmlərə baxış keçirilib.

Film nümayişindən sonra çıxışçılar bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və “Dəmir yumruq” əməliyyatı sayəsində uzun illərdən sonra Azərbaycan dövlətinin ərazi bütövlüyünün tam təmin edilməsi, “8 Noyabr-Zəfər Günü”nün qeyd edilməsi əlamətdar hadisə kimi yaxın keçmişin tarixi səhifələrinə həkk olunmuşdur. Bu tarixi Zəfərin qazanılmasında canlarını Vətənə fəda edən şəhidlərin, xüsusi şücaət göstərən igid oğulların əzmi və mübarizəsi danılmaz faktdır. Məhz buna görə də Zəfər gününün tarixi əhəmiyyəti və mahiyyəti barədə gələcək nəsillər mütəmadi olaraq maarifləndirilməli, “8 Noyabr-Zəfər Günü”nü hər kəs dərindən dərk etməlidirlər.

Sonda isə məktəblilər tərəfindən şeir nümunələri dinlənilmiş və yetişməkdə olan gənc nəslin vətənpərvər tərbiyədə böyüməsi üçün bu istiqamətdə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi qeyd olunmuşdur.

Ədil Ədilzadə
SABAHİNFO.AZ