“İxtisar olunan kitabxana, klub ştatları bərpa olunsun!”

Büdcənin effektviliyinin təmin edilməsi məqsədi ilə respublikanın bölgələrində fəaliyyət göstərən kənd kitabxana, klub və mədəniyyət evlərində ixtrisarlar həyata keçirməsi maliyyə baxımından düzgün addım olsa da, ölkədəki indiki şəraitdə belə bir qərarın qəbul edilməsi o qədərdə məqbul hesab olunmur.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, müvafiq dövlət qurumları ixtisara məruz qalan yaşayış məntqələrində əhalinin sayının az olması ilə izah edir: “Bu nə qədər məntiqli yanaşma olsa da, mövcud şəraitdə cənab Prezidentin əhalinin işlə təmin edilməsi və bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı yürütdüyü siyasətə uyğun deyil. Bu gün dövlət başçısı bölgələrin sosial-iqtisadi inkişafı məqsədi ilə ən müxtəlif proqramların icrası istiqamətində addımlar ataraq, insanların işlə təmin olunmasına çalışır. İnsanlarımızın bölgələrdə, xüsusən də kəndlərdə yaşaması üçün xüsusi məşğulluq proqramı icra olunur, bundan əlavə olaraq dövlət tərəfindən insanlara ünvanlı sosial yardımlar edilir. Ona görə də həmin ştatların indiki şəraitdə ixtisar edilməsi düzgün yanaşma deyil”- deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, ixtisara düşən ştatların yenidən bərpa olunması həm də dövlətin üzərində düşən əlavə maliyyə yükünün azaldımasına, insanların faydalı işlə məşğul olmasına şərait yaratmış olar: “Bu həm insanlaırn kəndlərdə qalıb-yaşamasına şərait yaradar, həm də işsizliyin aradana qaldırılmasına öz töhfəsini vermiş olar. Bu həm də kənddə ziyalı təbəqəsinin formalaşmasına gətirib çıxarar. İnsanlar məcburiyyyət qarşısnda kəndləri tərk etməz. Axı, bir ştatın ləğv edilməsi bir insanın deyil, bir ailənin işsiz qalması deməkdir.

Digər tərəfdən isə indiki pandemiya şəraitində və 44 günlük Vətən müharibəsindən sonra işsiz qalan şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının işlə təmin edilməsi baxımından müstəsna rol oynaya bilər. Bütün bu və digər məqamları nəzərə alaraq Maliyyə nazirliyi və hökumətin digər qurumları məsələnin vacibliyini nəzərə alaraq növbəti ilin büdcəsi formalaşarkən ixtisar olunan ştatlaırn yenidən bərpa olunması üçün maliyyə vəsaitini ayırmasını təklif edirəm. Bir daha deyirəm bu həm bölgələrdə işsizliyin aradan qaldırılmasına, insanların məşğulluğunun təmin olunmasına, bölgələrinin inkişafına, həm də az da olsa insanlarımızın bölgələri tərk edərək böyük şəhərlərə, xüsusən də Bakıya üz tutmasının qarşısını alar. Bu məsələnin vacibliyni nəzərə alaraq Milli Məclisin növbədənkənar sessiyasında da hökumət üzvləri qarşısında qaldırmışam və bir daha hökumət təklif edirəm ki, məsələyə baxıb, növbəti maliyyə ilində probelmi həll etsinlər”.