Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB tərəfindən 27 iyul tarixində Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada "Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması Üzrə Təşəbbüslər" adlı layihənin təqdimatı həyata keçirilib.
Təqdimat Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səslənməsi ilə başlanılıb.Təqdimat zamanı məktəbin direktoru Qönçə Hüseynova , Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva çıxış edərək əlilliyi olan şəxslərlə münasibətdə problemlərin aradan qaldırılması yolları mövzusuna toxunmuşdur. Iştirakçılar sırasında Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın və Sumqayıt şəhərində fəaliyyət göstərən digər məktəblərin müəllim kollektivi və valideynlər , bununla yanaşı əlilliyi olan şəxslər iştirak etmişdir.
Layihə rəhbəri Aidə Səfərovanın məlumatına görə layihənin məqsədi eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin ünsiyyət vasitəsi olan jest dilinin təbliği , onların cəmiyyətə inteqrasiyasına dəstək vermək , ictimaiyyətin diqqətini eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə yönəltməkdən ibarətdir. Təqdimat zamanı iştirakçılar jest dilinin nəzəriyyəsi , daktil əlifba və jest dili lüğəti haqqında məlumatlandırılmış və onlara bu dildə bir neçə sosial çarx təqdim olunmuşdur.Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olunub.