“Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi Zaqatala və Qax rayonlarında tədbirlər həyata keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2023-cü il kiçik qrant müsabiqəsi ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə” istiqaməti üzrə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olan “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi avqustun 1-dən etibarən “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının təşkili barədə gənc sahibkarların maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində oktyabrın 16-sı Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəb və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, oktyabrın 17-si isə Etibar Babayev adına Qax şəhər 4 №li tam orta məktəb və Qax Peşə Liseyində şagird və tələbələrlə görüşlər keçirildi. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, rayon təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, müəllim, şagird və tələbələr iştirak ediblər.  

Tədbirlərdə giriş nitqi ilə çıxış edən layihə rəhbəri Seymur Əzəmmədov Qeyri-Hökumət Təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıq edib. Layihə rəhbəri bildirib ki, ekoloji təmiz qida məhsullarına tələb getdikcə artmaqdadır və bu məhsulların istehsalı bütövlükdə dünya üzrə dinamik olaraq inkişaf edir. Təəssüflər olsun ki, bu məhsulların qablaşdırılması, markalanması, saxlanması və dövriyyəsi qaydalarına bir çox hallarda əməl olunmur və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının ənənəvi üsullarla istehsal edilmiş məhsullardan fərqləndirilməsi istehlakçı üçün problemə çevrilir. Belə ki, müəyyən edilmiş tələblərə cavab verən məhsulların əksəriyyətinin üzərində ekoloji təmiz məhsul olması barədə xəbərdarlığın olmaması, digər tərəfdən daha çox gəlir əldə etmək məqsədilə məhsulların üzərinə saxta “ekoloji təmiz” adının vurulması istehlakçıların aldadılmasına gətirib çıxarır. 

Aparılan araşdırmalar göstərir ki, Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının artırılması istiqamətində atılan addımlar hələlik istənilən nəticəni verməmiş və ölkədə bu sahənin inkişafını əngəlləyən bəzi problemlər həllini tapmamışdır. Bu problemlərin həlli yollarının araşdırılması, Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı təkliflərin hazırlanması vacibdir.
Daha sonra layihə rəhbəri şagird və tələbələrə daha geniş məlumat verməsi üçün sözü təlimçi Rəşad Əhmədova verdi. Təlimçi də öz növbəsində layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. Ö çıxışında qeyd etdi ki, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və ekoloji təmiz ərzaq məhsullarının istehsalı birbaşa insanların sağlamlığına, ətraf mühitin qorunmasına xidmət edir. Yəni ekoloji təmiz ərzaq məhsullarının istehsalı xüsusən insan sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Ekoloji təmiz ərzaq məhsulları istehsalının idarəolunmasına təsir edən çoxsaylı amillər mövcuddur. Belə ki, ekoloji tələblərə cavab verən əkinçilik sistemində torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının kimyəvi-sintetik maddələrdən istifadə edilmədən ekoloji üsullarla tənzimlənməsi, yalnız ekoloji cəhətdən təhlükəsiz və tətbiqinə icazə verilmiş təbii və qeyri-təbii vasitələrdən istifadə edilməsi vacibdir. Həmçinin növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması, ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin sahələrinin kimyəvi maddələr tətbiq olunduğu əkin sahələri ilə növbələşdirilməməsi mühüm məsələdir. Bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki, fiziki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunmalıdır. Xüsusən genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməlidir.

Ölkəmizdə kənd təsərrüfatı inkişaf etməsi fonunda bu sahəyə gənclərin marağının artmasına və gənc sahibkarların məhz kənd təsərrüfatı sahəsində çalışmasına dair müvafiq maarifləndirmə işinin aparılmasına ehtiyac var.

Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində hazırlanmış dəftərxana ləvazimatları və üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin loqosu və “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” ictimai birliyin loqosu olan papaq və köynəklər paylandı.