Kəlbəcər şəhərsalma layihələri ilə müasir dövrün inkişaf modelinə çevrilir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

25 noyabr - Kəlbəcər şəhəri günü ölkəmizdə mühüm tarixi hadisə kimi qeyd olunur. Həmin gün hərbi-siyasi Qələbənin təntənəsi və uzun illər davam edən işğalın nəticələrinin aradan qaldırılması istiqamətində başlanan genişmiqyaslı quruculuq mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

1930-cu ildə rayon statusu alan Kəlbəcərin işğala qədər 53 min nəfərdən çox əhalisi var idi. Rayonun ümumi ərazisi 3054 kv. km təşkil edir və burada 1 şəhər, 1 qəsəbə, 145 kənd, həmçinin 55 inzibati ərazi dairəsi mövcud olmuşdur. Bölgənin zəngin təbii sərvətləri kənd təsərrüfatı, heyvandarlıq, sənətkarlıq və ticarət sahələrinin davamlı inkişafı üçün sabit şərait təmin etmişdir.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi nəticəsində dinc sakinlər qətlə yetirilmiş, əsir götürülmüş və əhali kütləvi şəkildə doğma yurdundan qovulmuşdur. İşğal illərində yaşayış məntəqələri, yüzlərlə tarixi və mədəni abidə dağıdılmış, mədəni irs məhv edilmiş, təbii sərvətlər isə Ermənistana daşınmışdır. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin ərazilərimizdən dərhal çıxarılmasını tələb etsə də, rəsmi İrəvan bu qərarı icra etməmişdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi regionun taleyini köklü şəkildə dəyişdirdi. Kəlbəcər yüksək dağ massivləri, çətin keçilən sıldırım qayaları və geniş yaylaqları ilə xüsusi strateji əhəmiyyətə malik idi. Müharibə zamanı bu yüksəkliklər üzərində nəzarətin bərpası əməliyyatların gedişatına ciddi təsir göstərdi və Ermənistan ordusunun manevr imkanlarını məhdudlaşdırdı. Basarkeçər istiqamətinə nəzarətin əldə edilməsi düşmənin logistik xəttini iflic etdi.

10 noyabr 2020-ci il üçtərəfli bəyanatı Kəlbəcərin heç bir döyüş aparılmadan geri qaytarılmasını təmin etdi. Bu fakt hərbi-siyasi müdrikliyin, diplomatik bacarığın və strateji üstünlüyün nəticəsi kimi dəyərləndirilir. Rayonu tərk edən ermənilərin yaşayış məntəqələrini yandırması, meşələrə od vurması və infrastrukturun qəsdən dağıdılması onların dağıdıcı niyyətlərini sübut edir.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Sərəncama əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Kəlbəcərin azad olunması həm regionun təhlükəsizlik arxitekturasını möhkəmləndirir, həm də bərpa prosesinə yeni imkanlar yaradır. “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin müasir idarəetmə, məkan planlaşdırılması və ekoloji sabitlik prinsipinə uyğun inkişafını nəzərdə tutur. Yaşayış sahələri genişləndirilir, yeni sosial obyektlər inşa olunur, şəhərin tarixi siması bərpa edilir. Burada yaşayış məhəllələrinin hər biri kompleks şəkildə planlaşdırılır, məktəblər, bağçalar, parklar, xidmət mərkəzləri müasir şəhər modelinin tərkib hissəsi kimi qurulur. Həm yaşayış şəraitinin, həm də sosial xidmətlərin keyfiyyəti ən yüksək standartlara uyğunlaşdırılır.

İlk mərhələdə inşa edilən 524 mənzillik şəhərsalma layihəsi sakinlərin təhlükəsiz, rahat və müasir şəraitdə məskunlaşmasını təmin edir. Hazırkı mərhələdə daha 323 ailənin yerləşdirilməsi planlaşdırılır ki, bu da şəhər həyatının bərpasına yeni dinamika gətirir. Zallar, Yansaq və Zar kimi kəndlərdə bərpa işlərinin aparılması bölgənin kənd təsərrüfatı, turizm və sosial infrastruktur imkanlarının genişlənməsinə şərait yaradır.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu ölkənin ən mürəkkəb və mühüm yol infrastruktur layihələrindən biridir. Müxtəlif tunellərdən ibarət bu strateji layihə Murovdağın sərt relyefini keçərək regionu mərkəzlə əlaqələndirir. 11 kilometrdən artıq uzunluğu ilə bölgənin ən uzun tuneli Kəlbəcərin turizm və logistika imkanlarını ciddi şəkildə artırır. Bu yol Kəlbəcərin gələcək iqtisadi inkişafında əsas rol oynayacaq və regionun həm daxili, həm də xarici nəqliyyat şəbəkəsinə inteqrasiyasını təmin edəcək.

Kəlbəcərdə ardıcıl olaraq inşa edilən su elektrik stansiyaları bölgənin enerji təminatını gücləndirir və yerli istehsal sahələrinin formalaşmasına imkan yaradır. Təmiz enerji mənbələrinin tətbiqi həm ekoloji tarazlığın qorunmasına xidmət edir, həm də regionun gələcək sənaye potensialını artırır. Bu layihələr bölgənin enerji ehtiyacını tam şəkildə qarşılayır və artıq elektrik enerjisinin digər istiqamətlərə ötürülməsi üçün imkanlar yaradır.

Bu diyar öz qədim köklərinə söykənərək müasir şəhərsalmaya, sosial dirçəlişə və iqtisadi inkişaf perspektivlərinə doğru inamla addımlayır. Tarixi irs, strateji mövqe, təbii sərvətlər və genişmiqyaslı bərpa layihələri Kəlbəcəri gələcəyin dayanıqlı inkişaf mərkəzinə çevirir.