İşğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işləri, orada yaşayan vətəndaşların sosial rifah halının yüksəldilməsi hökumətin prioritet sahələrindən biridir ki, bu yöndə qəbul olunan dövlət proqramlarına uyğun olaraq addımlar atılır. Artıq işğaldan azad olunan ərazilərə hər gün köç karvanları yol düşür.
Dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən gün Kəlbəcərə səfər edib. Orada həyata keçirilən işlərlə tanış olub və kəlbəcərlilərə evlərinin açarlarını təqdim edib.
Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə görülən və qarşıdakı müddətdə həyata keçiriləcək işlərdən danışıb: “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.”.
Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün: “Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır”.
Onu da qeyd edək ki, səfər çərçivəsində Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı həyata keçirilib. “Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub.
“Çaykənd” Kiçik Su Elektrik Stansiyasının isə gücü 5 MVt-dır. Bu, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən sayca onbirinci “yaşıl enerji” obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyanın enerjisistemə inteqrasiya üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı