2020-ci il noyabrın 25-də Kəlbəcər işğaldan azad olundu. 44 günlük müharibədə Azərbaycanın qələbəsi Ağdam, Kəlbəcər və Laçının döyüşsüz azad olunmasına zəmin yaratdı. Azərbaycan Ordusu istənilən halda bu əraziləri azad edəcəkdi, sadəcə, Kəlbəcərin mürəkkəb relyefi, qış mövsümü ərəfəsinin olması müəyyən çətinliklər yarada bilərdi. Bu baxımdan Kəlbəcərin də 1 güllə atmadan azad olunması Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsi idi.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. əksinə, Ermənistanı silahlandıraraq, işğalçını daha da stimullaşdırırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, münaqişəni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan öz məsələsini özü həll etdi. Belə ki, Azərbaycan öz gücü hesabına, təkbaşına BMT qətnamələrinin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər də 27 ildən sonra işğaldan azad edildi. Lakin ermənilər öz xislətlərini bu müddətdə də gizlədə bilmədilər. Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Bütün dünya ermənilərin əsl vandal simasını gördü. Dövlət başçımız Kəlbəcər sakinlərilə görüşdə də bildirib ki, burada bir dənə salamat bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər”. Təbii ki, Azərbaycan xalqı bu baş verənləri heç vaxt unutmayacaq.
Azərbaycanın işğaldan azad olunan hər bir guşəsi kimi Kəlbəcər də artıq öz doğma sakinlərini qarşılayır. Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Zallar kəndində ümumilikdə 487 ailə, Zar kəndində isə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcərə artıq yeni həyat qayıdır, burada yeni inkişaf dövrü başlayıb. Ən əsası, burada təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb.
Könül Nurullayeva,
Milli Məclisin deputatı