“Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələrinə “Baldan şirin balalar” və “Nənə, nağıl de mənə” adlı yeni kitablarını hədiyyə etdi.

Gülarə Munisin “Baldan şirin balalar” kitabında Azərbaycanımız barədə, eyni zamanda Xəzər rayonu 234 nömrəli məktəbdə təhsil alan kiçikyaşlı oxucularına həsr etdiyi şeirlər toplanıb. Kitaba yanıltmaclar, tapmacalar da daxil edilib. Kitabın sonunda müəllif oxucularına uğurlar arzulayır.

“Nənə, nağıl de mənə” kitabı müəllifin sayca iyirmi doqquzuncu kitabıdır. Kitaba müxtəlif mövzularda olan 7 nağıl daxil edilmişdir.

Gülarə Munisin bütün nağıllarında vətənpərvərlik mövzusu əsas yer tutur. Kitabın üstün cəhətlərindən biri odur ki, kitab uşaqların başa düşə biləcəyi tərzdə yazılıb. Burada hər nağıla uyğun tapmacalar, şəkillər  verilmişdir. Bu da uşaqlarda Azərbaycanımızın rəngarəng təbiətinə, kitabın daha həvəslə oxunmasına maraq oyadır.

Kitabın “Şəhidlər uşaq ədəbiyyatında” bölməsində əziz şəhidlərimizə həsr olunmuş iki sənədli nağıl “Atanın nəfəsi” və “Atanın çəkmələri” verilmişdir.

Kitabın sonuna uşaqlara bir nənə nəsihətləri salınmışdır.

Kitabları Yasamal rayon MKS-nin kitabxanalarında oxumaq olar.