Kövrəklik qarışıq qürur

Nigar Rəfibəylinin şeir dünyasının işığı oxuyanın duyğularını, duyumunu, ürəyini nurlandırırdı. Hamının müşahidə etdiklərini Nigar Rəfibəyli tamam başqa formatda, tamam başqa yozumda müşahidə edirdi və bu bənzərsiz müşahidə bənzərsiz misralara, şeirlərə çevrilirdi. 
Şairin lirikasında musiqililik aydınlığıyla seçilir. Yəni misralar (bütövlükdə şeir) öz musiqisi ilə oxunur, dərk edilir. Hamımızın əzbərində olan “Ala gözlüm” şeiri bu baxımdan xarakterikdir. Sevgi şeiridir, həsrətin şeiridir. Bəlkə buna görə belə duyğusaldır? Həsrətlə ötüşən gecənin ömrünün il qədər uzun olduğunu, həsrətə görə bağçadakı güllərin hər səhər tezdən açıb vaxtsız solduğunu deyən şair çarəsizliyin şeirini yazıb:

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçını yolur, neyləyim?

“Günəşdən gənclik istədim”, “İşıqlı dünyam”, “Dənizin səsi gəlir” kimi kitabları Azərbaycan poeziyasında oxucu sevgisi qazanmış kitablardandır. Filologiya elmləri doktoru tənqidçi Vaqif Yusifli xalq şairi Nigar Rəfibəylinin poeziyasını çiçək dünyası adlandırır. Çiçəklər gözəlliyin rəmzidir, Nigar Rəfibəylinin şeirləri duyumun poeziyasıdır.
İyunun 23-ü xalq şairi Nigar Rəfibəylinin anadan olduğu gündür. Şeir həvəslisi kimi, Nigar Rəfibəyli poeziyasının vurğunu kimi bu günü kövrəklik qarışıq qürurla xatırlayıram.


Səbinə Xasayeva
Milli Məclisin deputatı