Məlum Yekaterinburq hadisələrindən sonra Rusiya informasiya məkanında anti-Azərbaycan təbliğatı isterik şəkildə davam edir. Deputatlar politoloqlara, şovinist imperiyapərəstlər populistlərə qarışıb. Başlarını itiriblər, kimin ağzına nə gəlir, danışır. Qısası, it yiyəsini tanımır. Dur, deyən də yoxdur.
İndicə, sosial şəbəkə vasitəsilə, hansısa teleqramm kanalda, Azərbaycanın Balakən və Zaqatala rayonlarının Rusiyaya qaytarılması ilə bağlı absurd çağırışlar səsləndirilib. Bildirilir ki, "Dağıstanlı qardaşlarımızın ayağa qalxması üçün münbit şərait yaradılıb". Bədbəxtlər başa düşmürlər ki, dağıstanlılar bunların əməllərindən çoxdan beziblər.
Xüsusi vurğulamaq istərdim ki, kifayət qədər həyat və dövlət orqanlarında iş təcrübəm var. Məni təəccübləndirmək o qədər də asan deyil. Lakin, belə savadsız, cəfəng çağırışlar səsləndirən məxluqların fikirlərinə təəccüblənməmək mümkün deyil. Adam heç olmasa, xəritəni qabağına qoymalı, kor gözləri ilə görməlidir ki, Balakən və Zaqatala rayonlarının Dağıstana birləşdirilməsi fiziki cəhətdən belə qeyri-mümkündür. Arada, cüzi də olsa, kommunikasiya imkanlarının olmadığı, Böyük Qafqazın keçilməz silsilə dağları yerləşir. Balakənin mərkəzindən Dağıstanla sərhədə 40 km yol var. Oradan da, Dağıstanın ilk yaşayış məntəqəsinə dağ cığırları ilə 6 saatlıq yol var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan dövlət sərhədlərinin delumitasiyası çoxdan başa çatıb. Dövlət başçıları tərəfindən təsdiq olunub.
Digər tərəfdən, bölgədə separatizmi bərpa etməyə çalışan həmin yaramazlara və onların himayədarlarına xatırlatmaq istəyirəm ki, Balakən və Zaqatala əhalisi hər zaman Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilib. Birinci və ikinci Qarabağ müharibəsində şəhidlər verib. 90-cı illərin əvvəllərində, dövlətimizin zəif vaxtında, bəlli xarici qüvvələr, orada yaşayan xalqları qarşı-qarşıya qoymağa çalışdılar. Müxtəlif dövlət proqramları hazırladılar. Hətta, bəzi ələ alınmış şəxslər vasitəsilə silahlı kriminal dəstələr yaratdılar. Ancaq, bütün cəhdlər boşa çıxdı, əhali birmənalı şəkildə dövlətimizə dəstək verdi. Bir dəfə də olsa, dövlətin əleyhinə fikirlər səsləndirilmədi.
Yeri gəlmişkən, düşünürəm ki, bir az bölgənin tarixinə baxmaq pis olmaz. Tarixi faktlar sübut edir ki, 19-cu əsrin əvvəllərindən başlayaraq, Azərbaycanda Çar Rusiyasına qarşı ən çox üsyanlar məhz, Şimal-Qərb bölgəsində baş vermişdir. Rus qoşunlarının komandanı, general Qulyakov Balakən döyüşlərində məhv edilmişdir. Bölgə işğal olunandan sonra, Balakənin mərkəzində böyük bir kilsənin tikintisinin qarşısı alınmış, Çar Rusiyasının, yerli əhalinin zorla xristianlaşdırılması planları pozulmuşdur.
Qayıdaq müasir dövrümüzə. Rusiya-Ukrayna müharibəsi bir çox üstüörtülü məqamlara aydınlıq gətirdi. Onlardan biri, Rusiya Federasiyasına daxil olan milli azlıqların nümayəndələrinin kütləvi şəkildə müharibəyə cəlb olunması, ən təhlükəli ön xəttə göndərilmələridir. Təbii olaraq, ən çox itkilərə məruz qalan bəzi federasiya subyektləri açıq şəkildə etirazlarını bildirməyə başladılar. O cümdən qonşu Dağıstan, Şimali Qafqazın digər respublikaları ayağa qalxdılar. Mərkəzi hakimiyyət orqanlarına, şəxsən prezident Putinə ədalətsizliyə, ayrı-seçkiliyə son qoyulması üçün, əsgər anaları, ictimaiyyət adından müraciətlər olundu.
Kütləvi narazılıqlardan sonra hakimiyyət, müəyyən korrektələr etmək məcburiyyətində qaldı. Lakin, ümumi düşüncə dəyişmir. Televiziya kanallarında, rus şovinizmi təbliğ olunur, digər millətlərdən olan öz vətəndaşları belə, aşağılanır, təhqir olunur. Bütün bunlar, təbii ki, Rusiyadakı milli azlıqlar və Azərbaycan ictimaiyyəti tərəfindən yaxından izlənilir. Müvafiq nəticə çıxarılır.
Yekunda, Azərbaycanda separatizm toxumları səpmək istəyənlərə bir sözümü çatdırmaq istəyirəm. Əziyyət çəkməyin, tam əminliklə deyirəm ki, Balakən və Zaqatala rayonlarının əhalisi istisnasız olaraq, bir nəfər kimi, Azərbaycan dövlətinin yanındadır.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı