Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE

Şahin Həsən oğlu Həsənov Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub.

Sabahinfo.az-ın məlumatına görə, müavin təyin edilən Həsənov 1969-cu il avqustun 18-də Göyçay şəhərində anadan olub.

1992-ci ildə Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirərək mühəndis-sistem texniki ixtisasına yiyələnib.

1992–1993-cü illərdə Mingəçevir Energetika İnstitutunun “Ali riyaziyyat və informatika” kafedrasının müəllimi olub, 1993–1998-ci illərdə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində mühəndis-proqramçı vəzifəsində işləyib.

1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnformasiya təminatı şöbəsi müdirinin müavini, az sonra şöbə müdiri vəzifəsinə təyin edilib, 8 il həmin vəzifədə işləyib, 2006-cı ildən 2026-cı ilədək Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2026-cı il aprelin 9-da Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

2-ci dərəcə dövlət müşaviridir.