Kürdəmirdə “Qadınlar və İKT” mövzusunda tədbir keçirildi

08 avqust 2023-cü ildə “Regional Qadın Hüquqları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Kürdəmirdə “Qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində maarifləndirmə sessiyası təşkil edib.

Layihənin eksperti Ruslan Xəlilov layihə barədə danışaraq qeyd edib ki, dünyanın heç bir ölkəsində internet, İKT heç də hər kəs üçün bərabər şəkildə əlçatımlı deyil. Azərbaycanda internetə çıxışla bağlı ciddi problemlər olmasa da, insanlarımız onun bizə yaratdığı imkanlardan müxtəlif məqsədlərlə istifadə edir. Azərbaycanda qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında fəal iştirak edirlər. Onlar informasiya texnologiyalarının (IT) aktiv istifadəçiləridir, lakin nadir hallarda istehsalçı qismində çıxış edirlər.

Dünyada olduğu kimi, Azərbaycanda da texnologiya sektorunda ən yüksək vəzifələri kişilər tutur. Təəssüf ki, qadınlarımız bəzən rəqəmsal dünyada, sosial şəbəkələrdə işbazların, dələduzların qurbanına çevirilirlər, təhdid və şantaja məruz qalırlar. Xüsusilə də, şantaj hallarının artması bizi ciddi narahat etməyə bilməz. Araşdırmalar göstərir ki, daha çox təhsilsiz qadınlar sosial şəbəkələrdə dələduzların, işbazların qurbanına çevrilirlər. Təhsilsiz qadınlarımız daha tez tora düşürlər və qarşı tərəfə inanırlar. Təbii ki, bu da sonradan xoşagəlməz hallara gətirib çıxarır.

Ekspert qeyd edib ki, İnternetə çıxış əldə etməklə qadınlar cəmiyyətdə, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib olacaqlar: “Hesab edirik ki, qadınların İKT sahəsindəki artan iştirakı və bununla da iqtisadiyyatı gücləndirmək potensialından geniş istifadə etmək lazımdır. Bunun üçün biz qadınlarımıza azadlıq verməliyik, onların yaxşı təhsil almaları üçün mümkün olanı etməliyik”.