Makronun son açıqlamaları Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? - Müşfiq Məmmədli ilə MÜSAHİBƏ

Deputat Müşfiq Məmmədli Sonxeber.az-ın qonağı olub.

Onunla müsahibəni oxuculara təqdim edirik:

- Müşfiq bəy, bilirsiniz ki, Ermənistan tərəfi yenə də imzalanan heç bir anlaşmaya əməl etmir, təxribatlarını davam etdirir. Sonuncu dəfə senytabrın 12-dən 13-ə keçə gecə erməni silahlı birləşmələrinin genişmiqyaslı təxribatı nəticəsində 80 hərbi qulluqçumuz şəhid oldu. Nəticədə şəhidlərimizin sayı artdı.

- Bu barədə danışmaq üçün biz prosesin öncəsinə baxmalıyıq. Bu prosesdə istiqamət ondan ibarət idi ki, artıq Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi istiqamətində müzakirələr başlamışdı, Brüssel görüşü olmuşdu. Bir növ optimist bir əhval-ruhiyyə yaranmışdı və hətta sülh müqaviləsinin şərtləri barədə müzakirələr gedirdi. Bu prosesin yaranmasında həmçinin xarici amil rol oynamışdı. Burada biz geopolitik-geosiyasi maraqları olan dövlətlərin təsir izini axtarmalıyıq. İkinci məsələ Ermənistanın daxilindəki revanşist qevvələrin bu prosesdə roluna müəyyən prizmadan baxmalıyıq. Üçüncü növbədə isə ümumiyyətlə Ermənistanın özünün hansı taktiki gedişləri etdiyini nəzərdən keçirməliyik. Bunları nəzərdən keçirdikdən sonra biz həmin hadisənin qiymətini verə bilərik. Buradan belə bir nəticə çıxır ki, regionda, elə Ermənistanın özündə də, sülhün yaranmasını istəməyən qüvvələr var. Digər məsələ Ermənistanın hansı istiqamətdə dayanması ilə bağlıdır. Paşinyanın açıqlamalarına baxsaq, belə bir təsəvvür yarana bilər ki, Ermənistan da sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Amma əmələ baxdıqda biz bunun əksinə şahid oluruq. Burada məqsəd Azərbaycana harada imkan düşsə orada zərbə vurmaq, delimitasiya, demarkasiyadan qaçmaq, bu prosesi müxtəlif istiqamətlərə yönləndirməkdir. Biz böyük güclərin sülh yaratmaqda, yaxud bu prosesdə önəmli rol oynamaqda bir-birilə mübarizəsinə şahid oluruq. Birinin uğuru digərini qane etmir və bunun nəticəsində, baş verənləri regionda sakitliyin və bitmiş Qarabağ münaqişəsinin artıq sülh müqaviləsi şəklində tənzimlənməsinin qarşısını almaq üçün atılan addımların məcmusu kimi qiymətləndirə bilərik.

- Həmin təxribat baş verən gecə Paşinyanın zəng etdiyi ölkələrə baxsaq, bu təxribatların arxasında hansı ölkələrin dayandığını görə bilərik. Yəni burada Vətən müharibəsi dövründən başlayaraq indiki dövrə qədər Ermənistanın açıq-aşkar dəstək aldığı dövlətlər var. Müxtəlif ölkələrin əlində oyuncağa çevrilən Ermənistan sülh müqaviləsini imzalayacaqmı? Bu baş verməsə, Ermənistanı nə gözləyir?

- Önümüzdəki perspektivə baxdıqda görərik ki, Ermənistanın sülh müqaviləsini imzalamaq, yaxud sərhədlərin tanınmaqdan başqa bir çıxış yolu yoxdur. Çünki Azərbaycan haqlıdır. İkincisi, istər iqtisadi, istərsə də hərbi cəhətdən ölkəmiz güclüdür, yəni güc faktoru bizdədir. Azərbaycan qonşu Rusiya və İranla münasibətləri artıq müəyyən bir məcrada tənzimləyir və orada gedən proseslərdə özü üçün zərərli məqamları neytrallaşdırır. Avropa Birliyi ilə Bolqarıstandakı görüş və Azərbaycanın Avropanın neft-qaz təminatçısı kimi bu ehtiyaclarının qarşılanmasında Azərbaycanın çox önəmli, strateji ölkə olduğunu bir daha gördük. Həmçinin, Avropa dövlətləri və Avropa İttifaqı bunu bir növ nünayiş etdirməyə çalışdı. Yəni bunu sadəcə etiraf etməkdən əlavə, digər dövlətlərə nümayiş etdirməyə çalışırdı ki, Azərbaycan onlar üçün önəmli ölkədir. O cümlədən, biz Azərbaycan Prezidentinə səmimi münasibətin şahidi olduq. Ursula fon der Leyen xanımın da qeyd etdiyi fikirlər onu göstərir ki, Azərbaycan, demək olar, bütün tərəflərin ortaq marağını cəmləşdirib və ona uyğun da çox düzgün diplomatik strateji kurs həyata keçirir. Təbii ki, burada da əsas mühüm rol cənab Prezident İlham Əliyevin çox düzgün və ağıllı istiqamətdə addımlar atmasıdır ki, Azərbaycanı istənilən variantda uduşlu hala gətirir.

- Ermənistan tərəfini Zəngəzur dəhlizinin açılması narahat edir və bununla bağlı qorxuları var. Zəngəzur dəhlizinin açılması Azərbaycana və bizim qonşu ölkələrə nələr qazandıracaq?

- Burada qorxulardan daha çox öhdəlikləri ön plana çıxarmaq istəyirəm. Biz Rusiya, Azərbaycan, Ermənistan dövlət başçılarının noyabrda imzaladıqları bəyanata diqqət yetirsək, burada Zəngəzur dəhlizinin açılması şərt olaraq vacibdir. Azərbaycan öz üzərinə götürdüyü, imzası ilə təsdiq etdiyi öhdəliklərin hamısını həyata keçirib və digər ölkələrdən də bunu tələb edir. Azərbaycan Ermənistanı tamamilə məğlub etdi. Ona görə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklərdən biri də Zəngəzur istiqamətində və Zəngəzurdan keçən bütün kommunikasiyaların açılması, Naxçıvanla Azərbaycan arasında dediyimiz dəhlizin fəaliyyət göstərməsidir. Bunun da qarantı Rusiyadır. Ermənistan bu öhdəliyi götürdü, lakin indi müxtəlif bəhanələr gətirir. Bəzən açıqlama verilir ki, bu prosesə hazırdır, ardınca isə hansısa dövlətlərin başçıları ilə danışıqdan iki gün sonra öz fikrini dəyişdirir. Növbəti gün ilkin mərhələdə hissəli şəkildə razılıq verir, sonra yenə fikrini dəyişir. Yəni belə ziqzaqvari gedişlərin şahidiyik. Bu da Ermənistandakı siyasi durumun, Ermənistan dövlətinin hansı vəziyyətdə olmasının göstəricisidir. Bu, uğursuz dövlət modelinin bir formasıdır. Azərbaycan isə konkret olaraq üzərinə götürdüyü həmin öhdəlikləri addım-addım həyata keçirib və özü üçün də vacib olan şərtlərin yerinə yetirilməsini digər dövlətlərdən tələb edir. Bizim cənub qonşumuzun bu dəhlizə qarşı özünəməxsus fikirləri var, digər dövlətlərə qarşı başqa bir fikirləri var. Türkiyənin mövqeyi ortadadır, tamamilə Azərbaycana dəstək verir. Rusiya bu dəhlizin açılmasında maraqlıdır, o cümlədən də öhdəliyi var. Bu baxımdan, hesab edirəm ki, Ermənistanın məsələni normal şəkildə həll etməkdən başqa yolu yoxdur. Əks halda, Azərbaycan bu zaman gərəkdiyi güc faktorundan da istifadə etmək hüququnu özündə saxlayır. Amma Azərbaycan ümumiyyətlə Qarabağ münaqişəsi bitdiyindən bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır, sərhədlərin demarkasiya və delimitasiyasına hazırdır.

- Ermənilərin törətdiyi təxribatlar 10 noyabr bəyannaməsinə və Brüssel razılaşmasına ziddir. Bu təxribatlar davam edərsə, anti-terror əməliyyatı ya yenidən genişmiqyaslı hərbi əməlliyatlar fonunda Üçüncü Qarabağ müharibəsinin başlama ehtimalı varmı?

- Azərbaycan hər zaman müharibənin əleyhinə olub, münaqişələrin danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməsinin tərədarı olub, 30 il ərzində də bunu bütün dünyaya nümayiş etdirib. Haqsızlığa uğramasına baxmayaraq, əhalisinin, qaçqın düşmüş insanların əzab-əziyyətlərinə baxmayaraq, bunların öhdəsindən tək gələrək beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb edib. Çox təəssüf ki, beynəlxalq hüquq normalarını yazan dövlətlər bu prosesdə öz yazılarına, imzalarına belə hörmət etməyərək Azərbayacanın ərazi bütövlüyünün bərpa olunmasına ya keçici ötəri bəyanatlarlarla dəstək verib, ya da əməli işdə nəticəsi olmayan bir fəaliyyətlə məşğul olublar. Buna görə də Azərbaycan beynəlxalq hüquq normalarının və BMT qətnamələrinin yerinə yetirilməsinə öz gücünə nail olub. İndi isə bizim tələbimiz ondan ibarətdir ki, bu proses də həmin beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunsun. Həmin hüquq normaları ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və hər bir ölkənin daxilində olan insanların hüquqlarının həmin ölkənin qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsindən ibarətdir. Azərbaycan bunların hər birinə hazırdır. Azərbaycan heç kimin torpağına keçid etmir, kimsənin torpağında gözü yoxdur və kimsənin torpağını işğal etməyib, etmək fikri də yoxdur. Amma bəzən "sərhəddə Azərbaycan tərəfindən törədilmiş təxribatlar" kimi ifadələr işlədilir. Bunu Azərbaycan dövlətinin üzərinə bir ləkə kimi yaxmaq istəyən insanlara sual verilməlidir ki, söhbət hansı sərhəddə olan təxribatdan gedir? Siz o sərhədlərin müəyyənləşməsi istiqamətində Azərbaycanın verdiyi təklifləri qulaq ardına vurursunuz, Azərbaycanın ərazisində hansısa bir fantastik azlıqların öz müqəddaratını təyin etmək kimi müəyyən qarışıq bir mövzudan istifadə edirsizniz və müxtəlif addımlar ataraq Azərbaycan dövlətinə qarşı çıxmış şəxslərlə birbaşa əlaqələr yaratmaq istəyirsiniz. Burada hansı beynəlxalq hüquq normalarından söhbət gedə bilər?! Ona görə də Azərbaycanın mövqeyi bundan ibarətdir. Amma kimsə bizim torpaqlarımıza qəsd edərsə, kimsə başqa fikrə düşərsə, o razılaşmalardan kənara çıxmağa çalışarsa, bu zaman Azərbaycan adekvat güclə cavab verəcək. Hər bir insanın özünü müdafiə etmək hüququ olduğu kimi, dövlətlərin də özünümüdafiə hüququ var. Azərbaycan özünü müdafiə edir, başqa kimsə ilə işi yoxdur. Ermənistan da bu təxribatları törətməsəydi, sonuncu hadisə baş verməyəcəkdi. Ondan qabaqkı hadisədə isə Laçın dəhlizinin açılmasındakı yan çizmələr olmasaydı, lokal münaqişə də olmayacaqdı. Burada yenə görürük ki, Azərbaycan nə isə yaradan yox, yaradılmış pozuntunu aradan qalıdıran dövlətdir.

- Siz vurğuladınız ki, Azərbayacana qarşı hər zaman ləkələmə kampaniyası var. Bu, bəzən daxili, bəzən də xarici qüvvələr tərəfindən olunur. Sosial şəbəkələrdə guya Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılan erməni təxribatçılarının atəşə tutulduğu iddia olunan görüntülər yayılıb. Təəssüf ki, "sapı özümüzdən olan baltalar" buna müxtəlif don geyindirməyə başladılar. Xocalı soyqırımını, 20 Yanvarda baş verənləri unudaraq, hər yolla hərbçilərimizi ləkləməyə çalışırlar. Bu aspektdə hansı işlər görülməlidir ki, belə halların qarşısı alınsın?

- Birincisi, biz o videoların bir səhnəcik, quraşdırma, gerçək, doğru olması barədə tam dolğun məlumata malik deyilik. Bu istiqamətdə araşdırma aparılır. Əgər müəyyən faktlar təsdiqini taparsa, qanunvericiliyə uyğun şəkildə addımlar atılacaq. Buna görə məsələyə dair şərh vermək hüquqi baxımdan düzgün deyil. İkinci məsələ ondan ibarətdir ki, döyüş prosesində hansısa bir məqamların sosial şəbəkələrdə o formada işıqlandırılmasını görmüşük. Bunlar ümumiyyətlə heç bir işə yaramaz. Çünki burada Azərbaycan Müdafiə Nazirliyi var, döyüşün taktikasını, strategiyasını müəyyənləşdirən orqanlarımız var ki, Azərbaycana zərər verə biləcək addımların atılmasının qarşısını almaq üçün çalışır. Bizim də orada çəkiliş aparan, yaxud onu hansısa yolla paylaşan insanlar vətənpərvərlik prizmasından bu məsələləri ciddi şəkildə götür-qoy etdikdən sonra addım atmalıdırlar. Çünki Azərbaycan dövləti xalqımız üçün o qədər müqəddəs nemətdir ki, bu neməti hansısa reytinq xatirinə, hansısa maraqlar xatirinə kimlərinsə dilində dolaşdırılmasına imkan verməməliyik, kiminsə dəyirmanına su tökməməliyik. Bu hərəkətlər düşünülmüş və düşünülməmiş ola bilər. Düşünülmüş formada bu hərəkəti edən insanlar o dediyimiz saxta müxalifət qüvvələridir. Vicdanı başqalarının "cibinin qalınlığı"ndan asılı olan şəxslər isə yenə də öz xalqının Qarabağda hansı zülümlərə məruz qaldığını, Zəngəzurda hansı dəhşətli hadisələrin şahidi olduğunu göz önündən keçirərək, hesabat verməlidirlər. Məncə, bu insanlar Xocavənddə həmin o kütləvi məzarlıqlara baxıb düşünməlidirlər ki, biz hansı mənfur düşmənlə qarşı-qarşıyayıq və onlar həmin düşmənin əlinə keçsələr, hansı rəftarı görəcəklər. Kimlərinsə siyasi maraqları fərqli ola bilər, amma o siyasi maraqlar milli maraqların üstünə çıxmamalıdır.

- Müşfiq bəy, bildiyiniz kimi, cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncam imzalayıb.

- Heydər Əliyev Azərbaycan dövlətinin qurulmasında ideyaları ilə bir bünövrə təşkil etmiş möhtəşəm siyasi xadimdir. Biz Ulu Öndər Heydər Əliyevi Azərbaycanın müasir müstəqilliyinin banisi hesab edirik. Bundan başqa, onu Azərbaycan xalqının 200 il ərzində arzularının həyata keçirilməsində mühüm rol oynamış və bu arzuları möhkəm bünövrə üzərində qurmuş dahi bir lider kimi qəbul edirik. Yeni Azərbaycan Partiyasının üzvü kimi və Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir şəxs kimi, partiyamızın qurucusu, dövlətimizin qurucusu, yaradıcısı Ulu Öndərin xatirəsini hər zaman qəlbimizdə daşıyırıq və fəxr edirik ki, bu proseslərdə Ulu Öndərin olması sonrakı proseslərin bizim xeyrimizə getməsinin əsas səbəbidir. Bu baxımdan, cənab Prezident İlham Əliyev Ulu Öndərin ideyalarının layiqli davamçısıdır, o ideyaları həyata keçirən şəxsdir və o ideyaları özünəməxsus şəkildə inkişaf etdirib, bizim dövlətimizi bu səviyyəyə gətirmiş şəxsdir. Biz artıq azad olunmuş torpaqları və tamamilə formalaşmış dövləti olan bir ölkənin qurulmasının şahidiyik. Azərbaycan artıq bütün istiqamətlərdə, istər Avropada, Amerikada, istərsə də MDB məkanında söz sahibi olan dövlətdir və Azərbaycan Prezidenti hamı tərəfindən qəbul olunan, bölgədə söz sahibi olan, hətta süpergüclərlə belə danışıqlarda qarşılıqlı şəkildə fikri soruşulan bir liderdir. Bütün bunlar da Heydər Əliyevin ideyalarının nə qədər uzaqgörən, düzgün, strateji olmasını göstəricisidir. Heydər Əliyev həmçinin Azərbaycanın Şuşasını, Qarabağını, Zəngəzurunu işğaldan azad etmiş dövlət başçısını yetişdirmiş bir atadır. Ona görə də biz hər zaman Heydər Əliyevə borcluyuq. Bu ilin "Heydər Əliyev İli" olmasından təbii heç nə ola bilməz, çünki o, Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətlərdən biridir. Biz Heydər Əliyev irsinin hər zaman qorunması və bu irsin təbliği ilə məşğul olmalıyıq.

- Müşfiq bəy, oktaybrın 12-də "France 2" kanalına müsahibə verən Fransa Prezidenti Emmanuel Makron Azərbaycan-Ermənistan münasibətləri məsələsinə toxunarkən, növbəti dəfə anti-Azərbaycan mövqeyindən çıxış edib və bu sözləri deyib: "İki il əvvəl Dağlıq Qarabağda müharibə olub. Bu bölgə beynəlxalq səviyyədə tanınmamış və mübahisəli ərazidir, lakin Ermənistan Qarabağda idi, çünki Qarabağ bu ölkənin ürəyindədir. Azərbaycan çoxsaylı qurbanların olduğu və qəddar səhnələrlə yadda qalan dəhşətli müharibəyə başlayıb, bu ərazini işğal etdi. Ermənistan bizim unikal bağımız olan ölkədir. Biz erməniləri yalnız buraxmayacağıq". Makronun son açıqlamaları Fransa-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

- Fransa ilə Azərbaycan dövləti arasında xoş münasibətlərin olmasına baxmayaraq, Makron bu açıqlamaları ilə ölkə başçısı kimi əvvəllər qurulmuş əlaqələrə kölgə salmış olur. Onun bu bəyanatı ölkə başçısına yaraşmır və Azərbaycan-Fransa münasibətlərinə kölgə salır. Azərbaycan ictimaiyyəti Makronun bu fikirlərini pisləyir. Dövlətimiz Avropanın bütün ölkələri ilə xoş münasibət qurmaqda qərarlıdır. Makronun seçkidə qalib gəlmək və erməni lobbisinin səsini qazanmaq üçün belə fikirlər səsləndirməsi qəbuledilməzdir.