Maradona 30 ildən sonra bəraət aldı

Argentinalı futbolçu Diyeqo Maradona (1960-2020) İtaliyada vergidən yayınmaqda ittiham olunmasına dair iş üzrə tam bəraət qazanıb.

Futbolçunun vəkili Anjelo Pizaninin verdiyi məlumata görə, Kassasiya Məhkəməsi (ali məhkəmə instansiyası) “vergidən yayınma faktının olmadığını” etiraf edərək, İtaliya vergi orqanları ilə mübahisəyə son qoyub:

“Bu hekayənin bitdiyini elan etmək olar. Maradonanın İtaliyanın vergi orqanlarına heç bir borcu yoxdur. Həm riyazi, həm hüquqi, həm də məntiqi hesablamalar sıfıra gətirib çıxarır. İndi mənəvi və maddi ziyanı kim ödəyəcək, hələ Maradonanın imicinə və bütün idman tarixinə dəyən ziyanı demirəm”, - deyə futbolçunun vəkil bildirib.

Qeyd edək ki, Maradonanın İtaliyada məhkəmə çəkişməsi 30 ildən çox davam edib. Argentinalı futbolçu bir müddət ölkəyə qayıda bilməyib, çünki onu müsadirə və hətta həbslə hədələyiblər.