“Məndən təzə şeir xəbər alan dost...”

“Məndən təzə şeir xəbər alan dost...” Bu misra Azərbaycan poeziyasının ən çox oxunan (və sevilən!) şairlərindən biri olan Hüseyn Ari­fin şeirindəndir. Gözəl şeirdir, könül şeiridir. Şair Hüseyn Arif Səməd Vurğun ədəbi məktəbinin davamçılarından idi. Onun şeirlərində xalq fəlsəfəsi, xalqın ünsiyyət leksikası, xalq deyimlərinin poetikası həmişə düşüncələrin niza­mı­nı müəy­yənləşdirib. Şairin istər lirik, istərsə də epik əsərləri oxucuların könül xoşluğuna dö­nüb. Özünün dediyi kimi, ürəklə yazılan şeirlər ürəklə oxunur. Oxunur və yaddaşlara, dü­şün­cələrə. düşüncələrdən ürəklərə köçür. Yəni Hüseyn Arif xalqdan aldığını böyük məsuliy­yət­lə, böyük ehtiramlarla, sevgilərlə poetik biçimdə xalqa qaytarıb.

Hüseyn Arifin poeziyası duyğular poeziyası olsa da, həyatın, təbiətin sözlə gözəl təsviri kimi seçilib. Bu şeirlərdə dağ kəlinə atılan güllələrin sızıltıları da duyulur, ağacların buda­ğın­dan yarpaq salan yellərin əsməsi də, gurşad yağışların coşqunluğu da, kol dibinə qısılan bə­növ­şələrin ləçəyini beşik bilən şəbnəmin uçuntusu da.

Ömür deyir: Qocalmışam,

Ürək deyir: Yaşa hələ,

– deyən, “Yaşa hələ”, “Analar”, “Sən dərsə gəlməyəndə”, “Yaş altımışdı”, “Söylə, ya­dın­da­mı”, ... kimi yüzlərlə şeiri indi də böyük həvəslə, sevgilərlə, duyğusallıqla oxunan xalq şairi Hü­seyn Arif bütün dövrlərin şairidir.

“Yolda” poeması xalq şairi Səməd Vurğuna həsr olunsa da şair yolunun, şeiriyyət yolu­nun, şeir yolunun poeması kimi oxunub, belə də oxunur.

İyunun 14-ü sevdiyimiz, indi də sevilən xalq şairi Hüseyn Arifin anım günüdür.

Səbinə Xasayeva, 

Milli Məclisin deputatı