Milli birlik sarsılmaz güc mənbəyidir

Milli birliyin, vətəndaş həmrəyliyinin gücü ölçüyəgəlməzdir. Belə bir birliyə, həmrəyliyə yetişmiş xalq istədiyi ümummilli hədəfə çatmağa qadirdir. Müdriklik zirvəsi Nizami səadət günəşinin birlikdə doğulmasını mümkün saymışdı. Xalqımız isə bu həqiqəti sadə bir düsturla ifadə edib: el gücü – sel gücü.

Azərbaycan tarixinə nəzər salsaq bütün qələbə və uğurların əsasında xalqın birliyinin dayandığını görürük. Müasir dövrümüzdə də bütün qələbələrə birliyimizlə nail olmağımızın şahidiyik. Müstəqilliyimizin qazanılmasından tutmuş, onun itirilmək təhlükəsindən xilas edilməsinə qədər hər uğura birliyimizlə çatmışıq. Hər gün eyni amala doğru yönlənməyimiz bizi güclü edir. İlin bir günü də var ki, həmin gün bütün duyğu-düşüncələrimiz birlik və həmrəylik fəlsəfəsinin hikmətinə köklənir. Bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi şərəfinə elan edilmiş 31 Dekabrdır. Milli dövlətçiliyimizin digər rəmzləri kimi bu önəmli gün də tariximizə qədim yurdumuz Naxçıvandan yol alıb.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov AZƏRTAC-a açıqlamasında söyləyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qəbul edilən tarixi qərar gələcək həyatımızda yeni bir başlanğıc oldu. Bu, milli birliyə, həmrəyliyə nail olmağa verilən start idi. Sonrakı illərdə milli birlik yolunda atılan bu addımlar məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə dövlət siyasəti səviyyəsində uğurla davam etdirildi. Dünya azərbaycanlılarının yeganə dövlətinin Prezidenti Heydər Əliyev azərbaycanlıların yaşadıqları bütün ölkələrdə təşkilatlanıb müstəqil Azərbaycan dövləti ətrafında birləşməsi prosesinə start, yön və məzmun verməyi dahiyanəliklə gerçəkləşdirdi.

Milli həmrəyliyimizin baş ideoloqu kimi, unudulmaz Heydər Əliyev səfərləri zamanı xarici ölkələrdə fəaliyyət göstərən həmvətənlərimizlə görüşlər keçirir, onların daha sıx təşkilatlanmaları üçün söhbətlər aparır, bu hərəkatı daim nəzarətində saxlayaraq konkret nəticələrə nail olurdu.

“Ümummilli Liderin bu yöndə qəbul etdiyi qərarlar Dünya Azərbaycanlılarının milli birlik, mənəvi bütövlük, davamlı həmrəylik yoluna çıxmasını təmin etdi. Dünyanın ikili standartları ilə mübarizədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada öz sözünü ucadan deməsində dünya azərbaycanlılarının təşkilatlarının gücə çevrilməsi mötəbər bir platforma oldu. Ulu Öndərin müstəsna önəm verməsi ilə Dünya Azərbaycanlılarının ölkəmizdə təşkil edilən I qurultayı milli dövlətçilik ideologiyası kimi azərbaycançılığın diaspor fəaliyyəti üçün də ideya-nəzəri əsas olaraq qəbul edilməsi ilə əlamətdar oldu. Bundan sonra xaricdə yaşayan soydaşlarımızın Vətənlə sıx əlaqədə fəaliyyəti üçün geniş imkanlar yaradıldı.

Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dönəmində də xaricdə yaşayan soydaşlarımızla bağlı strategiya uğurlu davam etdirilir. Prezidentliyinin ilk dövründə çoxşaxəli fəaliyyəti ilə 50 milyonluq Azərbaycan xalqının Prezidenti olduğu mesajını verən İlham Əliyev dövlətin diaspor siyasətini ən yüksək səviyyəyə çatdırdı. Birlik və zəfər rəmzinə çevrilmiş Şuşada keçirilən Dünya Azərbaycanlılarının sonucu qurultayında Prezident İlham Əliyevin açıqladığı növbəti məram bu gün Azərbaycan dövlətinin dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya dayaq durmaqla bağlı hədəfinin bəyan edilməsi oldu. Bu, həm də onu göstərir ki, Ümummilli Lider Heydər Əliyevin başladığı müqəddəs yolu bu gün Prezident İlham Əliyev ən yüksək zirvəyə gətirib çatdırıb”, - deyə deputat vurğulayıb.

Sonda Rəşad Mahmudov qeyd edib ki, bu gün dünya azərbaycanlıları qondarma erməni təbliğatına cavab vermək sahəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçiblər və bütövlükdə Türk dünyasının birliyinə yönəlik möhtəşəm prosesin vacib komponentinə çevriliblər. Belə bir müsbət irəliləyişin başlıca dayaq nöqtəsi, heç şübhəsiz, Azərbaycan Prezidenti və onun yürütdüyü milli birlik siyasətdir. Prezidentin Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli haqlarının müdafiəsini açıq şəkildə müdafiə etməsi, qədim torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı mesajları onun dünya azərbaycanlılarının şəriksiz lideri mövqeyinin ən bariz nümunəsidir.

Azərbaycan Prezidentinin müxtəlif səbəblərdən Vətəndən kənarda yaşayan soydaşlarımızı hər zaman diqqətdə saxlaması ona böyük sevgi və etimad qazandırıb. Bu gün dövlətimizin məhz onun mükəmməl siyasəti nəticəsində regionda liderlik statusu qazanması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bu rəğbətə qürur və inamı da əlavə edib.

Bir sözlə, ölkəmizdə Lider-Xalq birliyinin daim genişlənən çevrəsində qalib sərkərdə, mükəmməl siyasətçi Prezident İlham Əliyevlə 50 milyonluq bir xalqın mənəvi bütövləşməsi də yer alır. Bu mənada dünya azərbaycanlılarının həmrəyliyi təkcə dövlət bayramlarından biri kimi qeyd edilən 31 dekabr günü ilə bağlı deyil, möhtəşəm bir reallıq kimi daim həyatımızın önəmli bir parçasıdır.

Prezident İlham Əliyevin liderliyi ilə təqvimin bütün günlərində həmrəylik, milli birlik yolundayıq. Bu yolda bütün ürəklər eyni məramla döyünür. Birliyimiz böyüklüyümüzdür!