Milli ideologiya, milli dəyərlər və milli kimlik

Hər bir millətin mənsub olduğu tarixi-ənənəvi, milli-mənəvi dəyərləri vardır. Bu dəyərlər hər bir millətin özünəməxsus keyfiyyətlərini özündə birləşdirir, onun mənəviyyatını zənginləşdirir, iradəsini gücləndirir. Adət-ənənələr, xalq yaradıcılığı, ədəbiyyat, dil, din və s. mənəvi dəyərlər xalqları bir-birindən fərqləndirir. Bu fərqlilik bəşəri dəyərlər, ümumdünya mədəniyyəti ilə ziddiyyət təşkil etməməli, əksinə ona qatqılar verməli, onu rəngarəng etməlidir. Müxtəliflik gözəllikdir.

Azərbaycanın da milli-mənəvi dəyərlərini zənginləşdirən, cəlbedici elən ölkəmizdəki mədəni müxtəliflik, fərqli dəyərlərə tolerant yanaşmağımızdır. Bəzən tolerantlıqla biganəlik qarışdırılır. Məsələn, qeyd olunur ki, guya Azərbaycanda fərqli dəyərlərə, mədəniyyətlərə dözümlü münasibət biganəlikdən, laqeydlikdən irəli gəlir. Bu yanaşmanın heç bir elmi, tarixi əsası yoxdur. Aparılan müşahidələr, sosioloji sorğular təsdiq edir ki, Azərbaycandakı tolerantlıq, fərqli mədəniyyətlərə dözümlülük vətəndaşlarımızın elmi savadının, mədəni səviyyəsinin yüksək səviyyədə olmasından qaynaqlanır. Ölkəmizdə elm və təhsilə kütləvi marağın olması, insanların inkişafa, gələcək karyeraya xidmət edən fəaliyyətləri, düşüncə tərzi bunu şərtləndirir.

Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Qeyd edək ki, Azərbaycan xalqının milli ideologiyasını yaratmaq zərurəti XX əsrin əvvəllərində gündəmə gəlib. Çünki həmin dövrdə dünyada, o cümlədən regionumuzda cərəyan edən siyasi proseslər, inqilablar ayrı-ayrı xalqların da siyasi oyanışında vacib rol oynadı. Tərkibində olduğumuz çar Rusiyasında baş verən inqilab isə azadlıq eşqi ilə alışıb-yanan Azərbaycan xalqı üçün qığılcım oldu. Məhz bu dövrdə xalqımız ümmətçilikdən millətçiliyə doğru addım atdı. Bu dövrdə “Qafqaz müsəlmanları”, “Qafqaz türkləri”, “Azərbaycan türkləri”, nəhayət “Azərbaycan xaqı” anlayışları ortaya çıxdı. O dövrün mütəfəkkirləri yaranmış siyasi vəziyyətdən istifadə edərək Qafqaz müsəlmanlarının-türklərinin ayrıca bir dövlətini qurdular. XX əsrə qədər «Azərbaycan-türk xalqı», «müstəqil Azərbaycan», «Azərbaycan türkləri», «Azərbaycan-türk dövləti» və s. anlayışlar ideoloji və siyasi mənada mövcud deyildi. Ötən əsrin əvvəllərində meydana çıxan milli ideyalar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Azərbaycanın milli ideologiyası da Xalq Cümhuriyyətinin dövründə formalaşmağa başladı.

Xalqımız 70 il Sovet rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan öz dini-mənəvi dəyərlərini unutmamış, onları gizli də olsa, yaşatmışdır.

Milli ideologiyamızın qorunub-saxlanılmasında əvəzsiz xidmətləri olan Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, hər bir xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

"Kitabi-Dədə Qorqud” dastanı milli dəyərlərimizin qədim tarixə malik olduğunu sübut edən ən qiymətli mənbə, xəzinədir. Ümummilli lider Heydər Əliyev "Kitabi-Dədə Qorqud” dastanı haqqında deyirdi: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. ...Bu, bizim ana kitabımızdır”.

Filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov hesab edir ki, ədəbiyyat nümunələrimizdə, görkəmli ədiblərimizin qələmə aldığı mükəmməl sənət incilərində milli dəyərlərimiz ətraflı təcəssüm olunub.
Sözsüz ki, ən böyük milli-mənəvi dəyərlərimizdən biri ana dilidir. Öz ana dilində danışmayan və ya onu qorumayan xalq öz mənliyini, kimliyini itirir.

Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən şəxs milli ideologiyamıza yönəlmiş təxribatlara qarşı da mübarizə apara bilməz. Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri Cəlil Məmmədquluzadəni oxuya bilməyən şəxs xarici təhdidlərin qarşısında əli silahsız əsgər kimidir. Tariximizi, ədəbiyyatımızı bilməyən gənc mədəniyyətimizdən də xəbərsiz, məlumatsız olacaq. Mədəni köklərini bilməyən şəxs isə milli vətənpərvərlik duyğularından uzaq olacaq. Digər qiymətli, əvəzsiz milli dəyərimiz müstəqilliyimiz, dövlətçiliyimizdir.

Dünyada minlərlə xalq olduğu halda cəmi 200-ə yaxın xalqın dövlət qurmaq şansı olub. Bu gün müstəqil dövlətimizin mövcudluğu xalqımızın min illərlə qurub-yaratdığı dövlətçilik ənənələrinin davamıdır ki, yeni minillikdə əvəzedilməz şəxsiyyət, ulu öndər Heydər Əliyevin sayəsində bunu bir daha əldə etməyə və yaşatmağa müvəffəq ola bilmişik. Buna görə də onlarla dövlət içərisində dövlətimiz, bayraqlar içərisində bayrağımız, ölkələr, ərazi vahidləri içərisində torpaqlarımız varkən onlara sahib olduğumuzla qürur duymaqla bərabər qorumaq vəzifəmiz də vardır. Bayrağımız, gerbimiz, himnimiz, ərazi bütövlüyümüz, sərhədlərimiz, ana dilimiz milli dəyərlərimizin baş tacıdır, əvəzedilməzdir.

Bu gün öz köklərindən xəbərsiz olan, xarici qüvvələrin təsiri altında olan müəyyən qruplar var ki, dəyərlərimizə əl uzadır, onu heçə sayır və başqalarını da bu zərərli kampaniyaya qoşmağa çalışırlar.
Milli dəyərlərimizə bədxah, xor münasibət mənəvi duyğuların yoxsulluğundan xəbər verir. Ulu öndər Heydər Əliyev deyirdi: "Vətənpərvərlik hər bir insanın daxilindəki duyğularıdır. Əgər bunlar yoxdursa, deməli, o insan mənəviyyatsızdır”.

Bu gün Azərbaycanın bütün ərazilərimdə alğalanan bayrağımız, səslənən himnimiz, danışılan Ana dilimiz bizim qürur mənbəyimiz, dövlətçilik ənənələrimizin vacib simvolları, elementləridir.
Eyni zamanda bu kimi dövlətçilik dəyərlərimiz təkcə bir simvol kimi, nişanə kimi yox, həm də mənəviyyatımız, vətəndaşlıq qeyrətimiz və milli ləyaqətimiz kimi böyük əhəmiyyət kəsb edir.
Milli dəyərlərə sahib olmaq kifayət deyil, həm də onları qorumalı və təbliğ etməliyik. Yeni nəsillər xalqımızın malik olduğu dəyərləri mənimsəmək üçün vətəndaşlıq məsuliyyətinin olması vacibdir.
İndi yeni nəsillər milli dəyərlərin təbliği şəraitində aparılan işlər əhatəsində böyüyür, tərbiyə tapır. Deməli, dəyərlərimiz də yeni nəsillərə tərbiyə olunur, yaşayır və hifz edilir, gələcək nəsillərə ötürülür.

Milli ideologiyamızın komponentləri olan milli dəyərlərimizə uzanan əllər, edilən təhdidlər milli mənəviyyatımızım, mədəniyyətimizin sıradan çıxarılmasına hesablanıb. Hər bir vətəndaş milli dəyərlərimizin qorunmasında fəal iştirak etməli, ona qarşı həyata keçirilən təxribatlara uymamalıdır.

Yazı “Jurnalist Təşəbbüsləri Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.