Milli ideologiyaya yönəlik təxribatlarla bağlı yeni layihə

Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” adlı layihənin icrasına start verib.

Layihə barədə məlumat verən İctimai Birliyin sədri Ruslan Xəlilov qeyd edib ki, informasiya savaşının intensivləşdiyi bir dövrdə milli ideologiyaların təhdidlərdən qorunması olduqca vacibdir: “Təşkilatımız milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi məqsədi ilə araşdırma yazılar, televiziya verilişləri hazırlayaraq ictimaiyyətə təqdim edəcək. Eyni zamanda mövzu ilə bağlı ictimai müzakirənin keçirilməsi nəzərdə tutulur. İki ay davam edəcək layihə çərçivəsində milli ideologiyaya yönəlik təxribatlarla bağlı 15 yazı, 5 televiziya verilişi hazırlanacaq və ictimai müzakirə keçiriləcəkdir”.

R.Xəlilov rəhbərlik etdiyi təşkilatın bu günə qədər milli ideologiyanın zərərli təsirlərdən qorunması, informasiya savaşı, kibertəhlükəsizlik kimi mövzularla bağlı bir sıra layihələr həyata keçirdiyini və bu sahə üzrə püxtələşdiklərini diqqətə çatdırdı.