Milli Qurtuluş və Şuşa Bəyannaməsi

15 İyun 1993-cu il tarixi Milli Qurtuluş günümüzdür və 15 İyun 2021-ci il tarixində isə Şuşa Bəyannaməsi imzalanmışdır. Milli Qurtuluş Günü kimi hər il Azərbaycan xalqı tərəfindən sevə-sevə qeyd olunan 15 İyun tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətini, xalqını xilas etdiyi gün kimi tarixin səhifələrinə həkk olunmuşdur. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən artıq ölkədə vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşamağa başladılar. Heydər Əliyev o illərdə öz çıxışlarının birində demişdir: “Mən əvvəllər də demişəm, bir daha deyirəm, Gəncədə qan tökülüb, cinayət törədilib, böyük faciə baş veribdir. Ancaq bunun dərinləşməsinə heç vəchlə yol vermək olmaz. Azərbaycanın bütün vətənpərvərləri birləşib bu ağır vəziyyətdən uğurla çıxmağa çalışmalıdır. Çıxış yolu ancaq danışıqlar, qarşılıqlı anlaşma, sülh və barışıq vasitəsilə ola bilər. Güc işlədilməməlidir, bir daha silah işə salınmamalıdır”. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən qısa zaman sonra Azərbaycanda xaos və anarxiya dayandı, sülh və əmin-amanlıq hökm sürdü. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarı kimi tarixə adını əbədi həkk etmişdir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və bütün dünya xalqları tərəfindən tanınan dahi lider olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı üçün gördüyü işlərin tayı-bərabəri yoxdur. Bu gün Azərbaycan xalqını işıqlı sabahlara aparan, Onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev Azərbaycan xalqının qəlbində alternativsiz Lider, Müzəffər Prezident kimi əbədi taxt qurmuşdur. Heç kəsə sirr deyil ki, məhz Ulu Öndər Heydər Əliyev güclü Azərbaycan İqtisadiyyatının təməlini qoymuşdur, hal-hazırda Müzəffər Prezident İlham Əliyev tərəfindən günü-gündən güclənən İqtisadiyyatımızın hesabınadır ki, Azərbaycan dövləti hər sahədə uğur qazana bilir. Ulu Öndər zamanında söyləmişdir: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan dövləti məhz güclü İqtisadiyyatı hesabına hər şeyə qadir bir dövlətdir. Prezident İlham Əliyevin sayəsində günü-gündən güclənən Azərbaycanın daha bir böyük uğuru Şuşa Bəyannaməsidir, 15 İyun 2021-ci il tarixində Şuşa Bəyannaməsi imzalandı, bu Bəyannamənin imzalandığı tarixdən artıq 1 il ötür. Şuşa Bəyannaməsi sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Günü-gündən güclənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan tərəfindən əbədi olması üçün bütün işlər görülür. 

Azərbaycan dövləti özünün ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. 

Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi 100 il bundan əvvəl imzalanmışdır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Bəyannamə Azərbaycan və Türkiyə ölkələrinin gələcək iş birliyinin istiqamətini göstərir. 

Şuşa Bəyannaməsinə əsasən Azərbaycan və Türkiyə üçün aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Şuşa Bəyannaməsi Türk dünyasının birlik və rifahına, milli və beynəlxalq səylərin artırılmasına xidmət edəcək. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayacaq. Tərəflər Azərbaycan-Türkiyə silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərəcəklər. 

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri möhkəm bağlar üzərində qurulub, əbədi olacağına şübhə yoxdur. 

Mircalal Mehdiyev

Lənkəran rayon Moğonojoba kənd sakini.