Milli qürurumuz, kimliyimiz, mayakımız – Azərbaycan bayrağı

Azərbaycan xalqı dövlətə və onun simvollarına çox bağlı bir xalqdır. Üçrəngli bayrağımızı görəndə özümüzdən asılı olmayaraq qürrələnirik, fərəhlənirik. İndi hər bir evdə 8 guşəli ay-ulduzlu bayrağa rast gəlmək mümkündür. Sevindirici haldır ki, toylarımızda da bayrağımız dalğalanır. Şəhidlərimiz son mənzilə yola salınarkən tabutları milli bayrağımıza bükülür. Şəhidin məzarı üstündə onun atasına bayraq əmanət edilir. O bayraq yadigar və əmanət olaraq şəhidin ailəsi tərəfindən müqəddəs simvol kimi qorunur, saxlanılır. Bütün bunlar, xüsusilə də, gənclərdə bayrağa, vətənə olan sevgini, bağlılığı artırır.

Bayrağımızı bizə sevdirənlər Azərbaycan Xalq Cümhuriyyətinin qurucularıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

70 il ərzində Azərbaycanın vətənpərvər övladları, mühacirətdə yaşayan soydaşlarımız bayrağımızı yaşadıblar, təbliğ ediblər.

Hələ Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadə 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabən buyururdu.

"Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Böyük Rəsulzadənin bu çıxışı indi çox məşhurdur. Amma 1953-cü ildə bəlkə də çoxları Rəsulzadənin adını dilə gətirməyə qorxurdu, üçrəngli bayrağımızın olması haqqında məlumatsız idilər.

Ulu Öndər Heydər Əliyev bildirirdi ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bayrağımızın ideoloji təməli çox maraqlıdır. “Türkçülük, müasirlik və islamçılıq” təməlinin müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

- Ali siyasi iradənin təcəssümü olan tarixi təşəbbüs. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

- Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan edib. Maraqlıdır ki, Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı. Göründüyü kimi, o dövrdə Naxçıvanda olan mərhum Prezident Heydər Əliyev Bakıda oturan dövlət nümayəndələrinin hamısından daha uzaqgörən və daha cəsarətli idi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.

32 ildir ki, bizim milli kimliyimizin təzahür formalarından biri də Azərbaycan bayrağıdır. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Azərbaycanın qəhrəman oğlu Ramil Səfərov Macarıstanda hərbi təlimdə olarkən erməni hərbçisini məhz bayrağımızı təhqir etdiyi üçün məhv etmişdi. Bu əməlinə görə Macarıstan məhkəməsi onu ömürlük azadlıqdan məhrum etmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Macarıstan hökumətilə danışıqlar aparıldı və igid oğlumuz ölkəmizə gətirilərək əfv edildi.

 Ulu Öndər Heydər Əliyev bayrağımız haqqında deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

44 günlük Vətən müharibəsində bayrağımızın mənəvi çəkisi daha da artmışdı. Hər bir hərbçi üçrəngli bayrağımızı büküb sinəsinin üzərinə qoymuşdu ki, alınacaq məntəqəyə, kəndə, qəsəbə və şəhərə ilk bayrağı o sancsın. Şəhidlərimizin, yaralılarımızın ciblərindən, sinəsindən bayrağımız aşkarlanırdı. O görüntüləri kövrəlmədən izləmək mümkün deyildi.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.

Bayraq Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm!

 

Cəbi Quliyev

Milli Məclisin deputatı