“Kəlbəcər şəhəri günü Azərbaycan tarixində eyni zamanda həm böyük faciənin xatırlandığı, həm də milli qürurun yenidən canlandığı bir gündür. 1993-cü il 2 apreldə Ermənistanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində işğal olunan Kəlbəcər sadəcə zəbt edilmiş coğrafi məkan deyil, Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış bir bölgədir. İşğal zamanı yüzlərlə dinc sakinin qətlə yetirilməsi, minlərlə insanın əsir və itkin düşməsi, əhalinin respublikanın 56 rayonuna səpələnməsi erməni vandalizminin miqyasını açıq şəkildə ortaya qoyurdu. Onlarla tarixi-mədəniyyət abidəsinin, yüzlərlə sosial obyektin dağıdılması, təbii sərvətlərin talanıb Ermənistana daşınması həm beynəlxalq hüququn, həm də humanitar normaların kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin dərhal çıxmasını tələb etsə də, Ermənistan nə bu tələblərə əməl etdi, nə də beynəlxalq təşkilatlardan real təzyiq gördü. Əksinə, 1999-cu ildən etibarən Kəlbəcərdə qeyri-qanuni erməni məskunlaşdırılmasının aparılması rəsmi İrəvanın münaqişəni dərinləşdirmək, bölgəni etnik təmizləməyə məruz qoymaq niyyətini bir daha təsdiqlədi. İşğal altında olduğu illər ərzində Kəlbəcər təkcə fiziki olaraq dağıdılmayıb, həm də məqsədli şəkildə kimliksizləşdirilməyə məruz qoyulub.”
Bu fikirləri 25 noyabr – Kəlbəcər şəhəri günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı səsləndirib.
Daha sonra millət vəkili Vətən müharibəsinin gedişində uğurla keçirilmiş Kəlbəcər əməliyyatının gedişindən danışaraq bunları deyib: “2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Kəlbəcərin taleyini kökündən dəyişdi. Vətən müharibəsinin ilk günlərindən Kəlbəcər istiqamətində aparılan uğurlu əməliyyatlar strateji üstünlüyün əldə edilməsində həlledici rol oynadı. Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcərin şimal hissəsində mühüm yüksəklikləri ələ keçirməsi Ermənistan ordusunun manevr imkanlarını praktiki olaraq iflic vəziyyətinə saldı və Basarkeçər-Kəlbəcər yolundan istifadəni qeyri-mümkün etdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməliyyatlar həm hərbi planlamanın, həm də siyasi iradənin yüksək səviyyədə olduğunu sübut etdi. Məhz bu üstünlüklər nəticəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcər 25 noyabrda Azərbaycana qaytarıldı. Lakin işğalçılar bölgəni tərk edərkən evlərin, bağların yandırılması, infrastruktura ziyan vurulması və həyata keçirilən digər vəhşiliklər Ermənistanın işğal dövründə apardığı dağıdıcı barbar siyasətinin son təzahürü oldu. Bununla belə, Azərbaycan dövlətinin iqtisadi gücü və siyasi iradəsi sayəsində Kəlbəcər qısa zamanda dirçəliş dövrünə qədəm qoydu. Rayonun azadlığı uğrunda rəşadət göstərmiş 9455 hərbi qulluqçunun “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi isə qəhrəman ordumuza verilən yüksək dəyərin göstəricisidir.”
Sonda M.Qasımlı bu gün Kəlbəcərin artıq işğalın dağıdıcılıq izlərindən xilas olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” bölgənin gələcəyini müasir şəhərsalma prinsipləri əsasında formalaşdırır. Fərdi yaşayış evləri, yeni məktəblər, xəstəxanalar, parklar, mədəniyyət ocaqları Kəlbəcəri gələcəyin yaşıl, ağıllı şəhərləri sırasında görməyi təmin edəcək. 524 ailəlik yeni yaşayış məhəlləsi, Yanşaq, Zallar və Zar kəndlərinin geniş miqyaslı bərpa layihələri yüzlərlə ailənin doğma yurdlarına qayıdışını reallaşdırır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, o cümlədən uzunluğu 11,7 km olan Murovdağ tunelinin inşası regionun logistikasını əsaslı şəkildə dəyişir. Enerji infrastrukturu tam yenidən qurulub, yeni su elektrik stansiyaları istifadəyə verilib. İstisu Müalicə-İstirahət Kompleksi və mineral su zavodu isə Kəlbəcərin təkcə iqtisadi potensialını həm də turizm sahəsində bərpa edir. Bu dinamika göstərir ki, Kəlbəcər artıq təkcə bir şəhər və ya rayon deyil, böyük qayıdışın, uğurlu dövlət siyasətinin və xalq iradəsinin real təzahürüdür. 25 noyabr – Kəlbəcər şəhəri günü isə bu qürurun, dirçəlişin və yenidən doğuluşun rəsmi simvoluna çevrilmişdir” – deyə, Mircəlil Qasımlı açıqlamasını başa çatdırıb.