Misirə doğru hərəkət edən Rusiya gəmisi batdı

Bu gün Rusiyaya məxsus qaz daşıyan tanker Liviya sahilləri yaxınlığında batıb. Misirə doğru hərəkət etdiyi bildirilən gəmidə güclü yanğın baş verib.

Adalet.az  Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Liviya Axtarış və Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzinə “Arktik Meta Qaz” tankerində qəfil partlayışlar və ardınca güclü yanğın baş verməsi ilə bağlı həyəcan siqnalı daxil olub. Daha sonra gəmi batıb. Hadisə Sirt dəniz limanından şimalda, təxminən 130 dəniz mili məsafədə baş verib.

Tanker təxminən 62 min ton mayeləşdirilmiş təbii qaz yükü ilə Rusiyanın Murmansk limanından Misirin Port-Səid limanına doğru hərəkət edirmiş. 30 nəfərdən ibarət ekipaj xilas edilib və onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.